Rusiya xarici işlər naziri Sergey Lavrov ötən günlərdə Azərbaycan və Türkiyədən olan həmkarları ilə danışdıqdan sonra Moskvanın Qafanda (Zəngəzur) konsulluğunun açılacağı bildirildi. Bunun Zəngəzur dəhlizi ilə bağlı olduğu güman edilir. Həmçinin, qarşıdakı günlərdə Rusiya Prezidenti Vladimir Putinin həmkarı Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə Türkiyəyə səfəri gözlənilir.
Bütün bunlar Zəngəzur və Ermənistanla bağlı digər məsələlərin həlli baxımından nə vəd edir?
Bu barədə Ednews-a politoloq Natiq Miri bildirdi ki, Prezident Ərdoğanın son görüşlər kontekstində Putinə konkret təkliflər verəcəyini söyləmişdim. Bu məsələlər indi də aktualdır. Gedişat Türkiyənin təkliflərinin nə qədər məntiqli və doğru olduğunu üzə çıxardı:
"Qərb Ukraynadakı müharibə kontekstində Rusiyaya qarşı onun maraq dairəsində olan digər bölgələrdə də həmlələr etməyə başlayıb. Bu regionlardan biri Cənubi Qafqaz, digər Orta Asiyadır. Rusiya baş verənləri anlayır. Belə bir durumda Rusiya Cənubi Qafqazda üstün mövqeyə malik Azərbaycan-Türkiyə birliyi ilə əməkdaşlıq etməsə, Qərb öz məqsədlərinə daha asan nail ola bilər. Söhbət Rusiyanın sıxışdırılıb bölgədən çıxarılmasından gedir. Artıq Qərb bu siyasəti ilə bağlı zəif bəndini də müəyyən edib. Proses regionun ən zəif bəndi olan Ermənistan üzərindən yüksələn xətlə gedir".
Politoloq qeyd etdi ki, Avropa Birliyi artıq Ermənistandakı fəaliyyətini və missiyasını genişləndirir:
"Düşünürəm ki, bu mülki missiya gələcəkdə hərbiləşdirilə bilər. “Ermənistanın təhlükəsizliyi” adı altında prosesi hərbi müstəviyə qədər aparacaqlar. Hədəf budur. Sadəcə Rusiyanı qəzəbləndirməmək üçün prosesi tədrici aparırlar. Ermənistan Rusiyadan ağrısız qopmaq istəyir. Çünki Ermənistan rəhbərliyi hələ də Rusiyadan potensial təhlükəni hiss edir. Rusiyanı Ermənistanda hərbi, təhlükəsizlik, nəqliyyat, energetika və digər sahələrdə əvəzləmək üçün alternativlərə ehtiyac var. Qərb hələlik buna hazır deyil, Ermənistan da bunu görür”.
Sonda ekspert Paşinyanın Sankt-Peterburqda MDB dövlət başçılarının qeyri-rəsmi görüşündə iştirakından da danışıb. O, qeyd edib ki, bununla erməni baş nazir müəyyən mesajlar verməyə çalışıb.
“Ermənistan risk və təhlükələri gözə alaraq Rusiyadan uzaqlaşmağa çalışarkən, Qərb öz addımlarını tədrici və yavaş atır. Bu da Ermənistanı təmin etmir. Ayrıca, Nikol Paşinyan hökumətini Kremlin hədəfinə gətirməklə, bəzi riskləri də yaradır. Paşinyan Peterburqda Qərbə bu mesajlarını çatdırdı".
Oğuz