Ermənistanın keçmiş xarici işlər naziri Vardan Oskanyan Azadlıq radiosuna verdiyi müsahibəsində ermənilərin Qarabağa qayıtması barədə deyib ki, “”Dağlıq Qarabağ”ın ATƏT və ya “Dağlıq Qarabağ”ın BMT səviyyəsində keçid, müvəqqəti xarakter daşıya bilən birgə administrasiya” olarsa, ermənilər geri dönəcəklər.
Keçmiş nazir həm də təklif edir ki, “Dağlıq Qarabağ”la Bakı arasında danışıqlar olsa, tərəflər ermənilərin qayıdışı məsələsini həll edə bilərlər.
Bəs təklif edilən bu format nə dərəcədə realdır? Azərbaycanın bu təklifə münasibəti necə ola bilər?
Ednews - a açıqlamasında politoloq Fərhad Məmmədov, Oskanyanın rəhbərliyi ilə qurulan komitəni olduqca əhəmiyyətsiz olaraq qiymətləndirib.
"Vardan Oskanyanın rəhbərliyi ilə qurulan komitə tamamilə əhəmiyyətsiz, mənasız bir qurumdur. Bunu əsasən erməni diasporasından pul almaq üçün fəaliyyət növü hesab edirəm. Onun dediyi məsələlər artıq keçmişə aiddir. Azərbaycan hər hansı bir formada bu məsələnin müzakirəsində belə iştirak etməyəcək. Dünyada elə bir qüvvə yoxdur ki, Azərbaycanı bu kontekstə, bu mövzuda danışıqlara məcbur etsin. Belə olan halda məsələni əhəmiyyətsiz qiymətləndirirəm. Bunu keçmişdən gələn bir səda kimi demək olar. Çünki bir tərəfdən Azərbaycan prezidenti ATƏT-in Minsk qrupunun bağlanmasını təklif edib. Digər tərəfdən isə belə təkliflər irəli sürülür".
Əkbər Novruz