“Samsung” korporasiyasının 2 yüksək vəzifəli təmsilçisi istefaya getmək qərarına gəliblər.
Top-menecerlər şirkətin Cənubi Koreyanın sabiq prezidenti ilə bağlı korrupsiya qalmaqalına cəlb olunmasının məsuliyyətini öz üzərilərinə götürüblər.
Adları cinayət işində keçən şirkətin prezidenti Çan Çun Ji və vitse-prezident Çoy Si Sun vəzifələrindən istefa verəcəklərini bildiriblər. Onların şirkətdən birdəfəlik gedib-getməyəcəkləri hələlik bəlli deyil. “Samsung” hadisəni şərh etməyib.
Qeyd edək ki, bundan əvvəl Seul məhkəməsi Cənubi Koreyanın vəzifədən kənarlaşdırılmış sabiq prezidenti Pak Kın Xe ətrafında cərəyan edən korrupsiya qalmaqalı ilə əlaqədar “Samsung” şirkətinin faktiki rəhbəri Li Çje Yon barəsində həbs qətimkan tədbiri seçib.
Ölkədə ötən ilin payızında prezidentin ən yaxın rəfiqəsi Soy Sun Sil ətrafında yaranan korrupsiya qalmaqalı səngimək bilmir. Hüquq-mühafizə orqanları onu heç bir hökumət vəzifəsi tutmadığı halda, prezidentin siyasi qərarlarına təsir etməkdə və prezidentlə yaxınlığından istifadə edərək Cənubi Koreya korporasiyalarından, o cümlədən “Samsung”dan iri məbləğdə pul vəsaitləri qoparmaqda şübhəli sayırlar.
Onun həbsindən sonra prezidentin bu məsələlərdən xəbərdar olmasına dair şübhələr meydana çıxıb və Seulda yüz minlərlə insanın qatıldığı etiraz aksiyaları keçirilib. Nəticədə ölkə parlamenti prezidenti vəzifədən uzaqlaşdırıb.