Starlink, Amerikanın SpaceX peyk şirkəti tərəfindən peyk interneti təmin etmək üçün inşa edilmiş bir peyk şəbəkəsidi. SpaceX rabitə şəbəkəsi xəbərləri ilk dəfə 2015-ci ilin yanvarında ictimaiyyətə təqdim edilib. Starlink şəbəkəsi hazırda Antarktida da daxil olmaqla bütün qitələrdə istifadəyə verilib.
Azərbaycandan normal sürəti olmayan internetin əvəzinə “Starlink” peyk şəbəkəsinin yayımlanmağı gözlənilirmi və bu peyk şəbəkəsinin hansı özəllikləri var?
Mövzu ilə bağlı Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz Ednews-a danışıb:
“Hesab edirəm ki, bu bütün dünya kimi Azərbaycan üçün də əhəmiyyətli layihə olacaq. “Starlink” peyk internet layihəsinin özünün rəsmi səhifəsi var. Orada müşahidə etmək olur ki, hansı ölkədə nə vaxt belə bir xidmət imkanı olacaq. “Starlink” ölkəmizin əhatə dairəsinə düşürsə istənilən vətəndaş oradan internət əldə edə bilər. Lakin hökumətin bunun üçün icazəsi olmalıdır. Bu peykin yayılması üçün artıq Ukrayna, Qazaxıstan siyahıdadır. Bizə heç də uzaq ölkələr deyil. Hesab edirəm ki, Azərbaycanda da bunun üçün lazımi işlər aparılacaq. Amma istənilən halda Rəqəmsal İnkişaf və Nəqliyyat nazirliyindən onlara icazə olmalıdır ki, fəaliyyətə başlasın. Bu iş birliyi olarsa “Starlink” burada öz infranstrukunu qurmalıdır”.
Osman Gündüz həmçinin yeni peyk şəbəkəsinin özəlliklərindən də danışıb.
“Starlink” peyk şəbəkəsinin əsas özəllikləri ondan ibarətdir ki, internetin əlçatmaz olduğu yerlərdə sizin internətə çıxışınız yaranır. Düşünürəm ki, hökümət uzaq ərazilərə infrastruktur qurmaqdansa o internetdən istifadəni məqbul sayacaq”.
Qeyd edək ki, “Starlink” proqramı çərçivəsində şirkət 5G standartına uyğun gələn saniyədə 1 giqabit trafik sürəti ilə dünyanın istənilən nöqtəsində genişzolaqlı internetə çıxışı təmin etmək niyyətindədir.