Son zamanlar Azərbaycanda bloggerlərin sayı sürətlə artmaqdadır. Özlərini blogger adlandıran şəxslər daha çox cəmiyyətdə baş verən nöqsanlar, hadisələr və eyni zamanda yeniliklər barəsində yazırlar. Bəs bloggeri jurnalist hesab etmək olarmı?
Məsələ ilə bağlı media ekspertlərinin fikirlərini aldıq.
Ednews-a danışan əməkdar jurnalist Akif Aşırlı bildirib ki, Azərbaycan media məkanında jurnalistin statusu haqqında dəqiq məlumatlar, yeni media haqqında qanunlar öz əksinin tapıb.
“Redaksiyada çalışan, peşəkar jurnalistikanın dəyərlərinə xidmət edən şəxs jurnalist hesab olunur. Bloggerlər, youtuberlər və digər sosial şəbəkə istifadəçiləri jurnalist deyil. Əgər jurnalist olmaq iddiasındadırlarsa gərək peşə davranış qaydalarına əməl etsinlər. Peşə davranış qaydalarında konkret etik normalar, ölçülər, qaydalar öz əksini tapıb. Jurnalistin cəmiyyət qarşısında öhdəlikləri var. Bloggerlərin var? Yox”.
Onun sözlərinə görə, jurnalistika elə peşədir ki, özünə məxsus konkret standart qanunları var. Bu qanunlar hüquqla tənzimlənən bir iş prosesidir.
“İnternetin mediaya gətirdiyi kifayət qədər müsbət yeniliklər var. Bu yeniliklərdən biri də bloggerlikdir. Onlar jurnalist kimi tanınmaq istəyirlərsə dövlət qarşısında hüquqi məsuliyyət daşımalıdırlar. Peşəkar jurnalistin əlində peşəkar alətlər var və bildiyi şəkildə faktları aydınlaşdırıb yayır. Demək olar ki, bloggerin əlində bu qədər imkan yoxdur”.
Jurnalistlər birliyinin sədri Elçin Şıxlı isə Akif Aşırlıdan fərqli düşünür. Onun sözlərinə görə, blogger jurnalist, jurnalist də blogger ola bilər.
“Əgər adam savadlı, yazdıqları jurnalist etikası çərçivəsində, yalan yoxdursa bloggeri jurnalist adlandırmaq olar. Belə düşünürəm ki, bloggerliyi yeni jurnalistikanın bir qolu adlandırmaq olar”.
Aynurə İsmayılqızı