Bu gün bir qrup jurnalist və redaktor Bakı Slavyan Universitetində (BSU) imtahan sessiyasının gedişi ilə tanış olublar.
Media nümayəndələrini imtahan qərargahının rəhbəri, BSU-nun elmi işlər üzrə prorektoru, professor Rafiq Novruzov qarşılayaraq, qərargahın fəaliyyəti barədə məlumat verib.
O, imtahanların obyektivliyinin və şəffaflığının təmin edilməsi məqsədilə qərargah üzvləri sırasında professor-müəllim heyəti ilə yanaşı, tələbə və valideynlərin də təmsil olunduğunu jurnalistlərin diqqətinə çatdırıb.
Sonra BSU-nun rektoru, professor Nurlana Əliyevanın iştirakı ilə jurnalistlər universitetin ayrı-ayrı auditoriyalarında keçirilən imtahanların gedişatı ilə tanış olublar.
Media nümayəndələri tələbələrlə dialoqda onları narahat edən problemlərin olub-olmaması ilə maraqlanıblar. Bütün auditoriyalarda tələbələr onlara yaradılan şəraitdən razılıq edərək, imtahana heç bir kənar müdaxilınin olmadığını bildiriblər.
Jurnalistlər auditoriyaların müasir standartlara cavab verməsini, imtahanların şəffaflığının təmin edilməsi məqsədilə auditoruiyalara video-kameralar vasitəsilə nəzarət edilməsini, ağıllı elektron yazı lövhələrin quraşdırılmasını, obyektivliyin qorunması üçün tələbələrdən mobil telefonların yığılmasını yüksək qiymətləndiriblər.
İmtahanların gedişi ilə tanışlıqdan sonra BSU-nun rektoru Nurlana Əliyeva jurnalistləri çay süfrəsi arxasına dəvət edərək, onlarla səmimi söhbət edib. Söhbət zamanı rektor mozaikaların sökülməsi, təmirə sərf olunan vəsait və s. barədə sualları cavablandırıb. N.Əliyeva sonda jurnalistlərdən obyektivliyi gözləməyi xahiş edib.