Martın 6-dan etibarən 2 saylı “ASAN kommunal” Mərkəzi vətəndaşlara xidmət göstərməyə başlayıb.
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədr müavini Ülvi Mehdiyev jurnalistlərə açıqlamasında bildirib ki, 2 saylı “ASAN kommunal” Mərkəzindən Bakı şəhərində qeydiyyatda olan sakinlər yararlana biləcəklər. Mərkəzdə “Azərişıq” ASC, “Azərsu” ASC, “Azəriqaz” İB tərəfindən 45 növ xidmət göstəriləcək. O, həmçinin qeyd edib ki, yaxın gələcəkdə paytaxtdakı Ukrayna dairəsi yaxınlığında yerləşəcək 3 saylı “ASAN kommunal” Mərkəzinin açılması da nəzərdə tutulur. Bu mərkəzdə də vətəndaşlara yüksək səviyyədə xidmət göstərmək üçün bütün şərait yaradılacaq.
Xatırladaq ki, fevralın 10-u Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin iştirakı ilə 2 saylı “ASAN kommunal” Mərkəzinin rəsmi açılışı baş tutub.
Qeyd edək ki, Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 4 may tarixli Fərmanı ilə əhaliyə kommunal sahədə xidmətlərin göstərilməsində idarəetmənin optimallaşdırılması və şəffaflığın artırılması, “ASAN xidmət” təcrübəsinin digər xidmət sahələrində tətbiq edilməsi, xidmətlərin daha keyfiyyətli, rahat və innovasiyaların tətbiqi ilə həyata keçirilməsi və bu sahədə vətəndaş məmnunluğunun təmin olunması məqsədilə “ASAN kommunal” mərkəzlərinin yaradılması tapşırılıb.