Beynəlxalq Avrasiya Mətbuat Fondunun (BAMF) prezidenti Umud Mirzəyev Avropa Siyasəti Mərkəzinin siyasi məsələlər üzrə baş analitiki, Cənubi Qafqaz ölkələri üzrə ekspert Amanda Pol ilə görüşüb. BAMF-ın ofisində baş tutan görüşdə bir sıra mühüm məsələlər müzakirə olunub.
BAMF prezidenti 1992-ci ildə yarandığı gündən bəri təşkilatın gördüyü işlər barədə ümumi məlumat verib. O, həmçinin bu yaxında, martın 10-da Birləşmiş Millətlər Təşkilatının Cenevrədəki baş qərargahında İnsan hüquqları üzrə 34-cü sessiyası çərçivəsində BAMF-ın təşkilatçılığı ilə keçirilən “Uşaqlar və Hərbi münaqişələr” adlı paralel tədbir barədə danışıb.
Umud Mirzəyev və Amanda Pol Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsini müzakirə ediblər. Onlar bu münaqişənin sülh yolu ilə həll edilməsində vətəndaş cəmiyyətinin mühüm rol oynadığını qeyd ediblər. İnsan hüquqlarının müdafiəsi sahəsində Ermənistan və Azərbaycan fəalları, qeyri-hökumət təşkilatları və vətəndaş cəmiyyətlərinin nümayəndələrinin təşəbbüsü ilə yaradılmış “Ermənistan və Azərbaycan arasında Sülh Platforması”nın əhəmiyyətini vurğulayıblar.
Avropa Siyasəti Mərkəzinin siyasi məsələlər üzrə baş analitiki Amanda Pol deyib ki, bu təşəbbüs Azərbaycanı sülhsevər və münaqişəni sülh yolu ilə həll etmək istəyində olan bir ölkə kimi tanıdır.
Tərəflər, həmçinin Beynəlxalq Avrasiya Mətbuat Fondu və Avropa Siyasəti Mərkəzi arasında əməkdaşlığın gələcək istiqamətlərininə dair fikir mübadiləsi ediblər.