Bakıda minaatan mərmisi aşkarlanıb. Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlikdən (ANAMA) daxil olan məlumata əsasən, avqustun 31-də Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə mərkəzindən Agentliyə Bakı şəhəri, Xətai rayonu, NZS qəsəbəsi ərazisində minaatan mərmisinin aşkar olunması barədə məlumat daxil olub.
Məlumata əsasən, Agentliyin xüsusi mobil çevik əməliyyat qrupu dərhal həmin əraziyə göndərilib.
Agentliyin mütəxəssisləri tərəfindən həmin ərazidə Aşıq Qurban küçəsi 25 ünvanına baxış keçirilmiş, aparılan təcili təxirəsalınmaz operativ əməliyyat axtarış tədbirləri nəticəsində aşkar olunmuş 1 ədəd 82 mm-lik minaatan mərmisi (O-832) götürülərək zərərsizləşdirilməsi üçün Agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb.
Aşkar olunmuş minaatan mərmisinin ətrafında 900 kv.m əraziyə yerüstü baxış keçirilib, bundan əlavə təhlükəli əşya və qurğu aşkar edilməyib.