Yeni dərs ilinin başlamasına az müddət qalıb. Məktəb bufetlərinin vəziyyəti isə aktuallığını saxlayır.
Azərbaycanın 4500-dən çox ümumtəhsil məktəbində şagirdlərə xidmət göstərən bufetlərdə demək olar ki, sağlamlığa birbaşa zərər vuran məhsullar da satılır. Demək olar ki, hər tədris ilində 3-4 orta məktəbdə kütləvi qida zəhərlənmələri ilə bağlı məlumatlar KİV-də işıqlandırılır.
2015-ci il noyabrın 1-dən etibarən sahibkarlıq sahəsində aparılan yoxlamalar 2 il müddətinə dayandırıldığından, bufetlərin də bir növ “əl-qolu" açılıb.
“Məktəb bufetləri hazırda məktəb direktorları ilə sahibkarların biznes qurumu kimi fəaliyyət göstərir”.
Bunu Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov deyib.
“Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi məktəb bufetləri üçün 3 il əvvəl standartlar yaradıb. Bufetlərdə enerji içkilərinin, çipsilərin satışı qadağandır. Məktəb bufetləri əksər hallarda sahibkarlara icarəyə verilir. Övladlarının zəhərlənmə faktı ilə qarşılaşan valideynlər hüquqlarının qorunması məqsədilə İqtisadiyyat Nazirliyinin 498- 05-04 nömrəli "qaynar xətti"nə zəng vurub, bu haqda məlumat verə bilərlər”.(metbuat.az)