Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki 249 nömrəli tam orta məktəbdə “Ermənistanın Azərbaycana hərbi təcavüzünün yaşyarımlıq Zəhra Quliyeva faciəsi” kitabının təqdimat mərasimi keçirilib.
BŞTİ-dən bildiriblər ki, əvvəlcə tədbirdə Milli Məclisin deputatı Aydın Mirzəzadənin tərtibçisi olduğu “Ermənistanın Azərbaycana hərbi təcavüzünün yaşyarımlıq Zəhra Quliyeva faciəsi” kitabı haqqında məlumat verilib.
Qeyd edilib ki, kitabın nəşr edilməsinin məqsədi Zəhranın ermənilər tərəfindən öldürülməsi faktını tarixə salmaq və bunu gələcək nəsillərə çatdırmaqdır. Milli Məclisin deputatı ermənilərin xalqımızın başına gətirdikləri müsibətlərdən, torpaqlarımızın iyirmi faizinin işğal altında olmasından, bir milyondan çox soydaşımızın qaçqın və məcburi köçkün şəraitində yaşamaq məcburiyyətində qalmasından da danışıb.
A.Mirzəzadə məlumat verib ki, 249 nömrəli tam orta məktəbin şagirdi Nəsibə Seyidovanın sosial şəbəkələrdə paylaşdığı Zəhra Quliyevanın ermənilər tərəfindən öldürülməsinə dair rəsm diqqətini çəkib. Həmin rəsm “Ermənistanın Azərbaycana hərbi təcavüzünün yaşyarımlıq Zəhra Quliyeva faciəsi” kitabında yerləşdirilib.
Sonra Milli Məclisin deputatı və qonaqlar N.Seyidovanın təhsil aldığı beşinci sinifdə olublar. A.Mirzəzadə şagirdlərin dərsləri ilə maraqlanıb, ermənilərin törətdikləri vəhşiliklərdən, Azərbaycan xalqının vətənpərvərliyindən danışıb.