Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Nail Allahverdiyevin cinayət işi üzrə məhkəməsi keçirilib.
Eurasia Diary-nin əməkdaşının iştirak etdiyi məhkəmə prosesinə hakim Əhməd Quliyev sədrlik edib.
Məhkəmə prosesində zərərçəkmiş qismində Ramiz Əsədov, Adil Ocaqverdiyev, Rauf Səmədov və Ülviyyə Əliyeva iştirak edib və dinlənilib. Qəza zamanı xəsarət alan Türkiyə vətəndaşları Mutallib Tekiş, onun həyat yoldaşı Songül Tekiş teleqram vasitəsilə müalicə aldıqlarını, məhkəmədə iştirak edə bilməyəcəklərini bildiriblər. Proses zamanı anket məlumatları dəqiqləşdirilib və növbəti məhkəmə prosesinin keçirilməsinə qərar verildi.
Avqustun 3-də baş vermiş avtoqəza nəticəsində 2 nəfər ölüb, 3 nəfər yaralanıb. Yaralılardan ikisi Türkiyə vətəndaşıdır. Faktla bağlı Cinayət Məcəlləsinin 263.3-cü (Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma, iki və daha artıq şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb. Qeyd edək ki, 1994-cü ildə Sumqayıtda anadan olan Nail Allahverdiyev ali təhsillidir, hərbi mükəlləfiyyətlidir, evlidir və fərdi əməklə məşğul olub.
Proses dekabrın 8-də saat 15:30-da davam etdiriləcək.
Nail Allahverdiyev baş nazirin müavini, Dövlətqaçqınkomun sədri Əli Həsənovun nəvəsidir.
Emil Elbəyioğlu
Eurasia Diary