İki ay öncə tutduğu vəzifədən çıxarılmaması üçün bütün məktəb kollektivi, şagird və müəllimlərin etiraz edib göz yaşı tökdüyü Bakı Məktəb Lisey Kompleksinin (200 və 43 saylı məktəb) direktoru Hüseynov Qafar Möhsün oğlu tutduğu vəzifədən azad edilib.
Q.Hüseynovla bağlanmış əmək müqaviləsi yaş senzi ilə əlaqədar, Əmək Məcəlləsinin 69-cu maddəsinə (Əmək müqaviləsinin işçi tərəfindən ləğv edilməsi qaydası) əsasən, 15 noyabr 2017-ci il tarixdə ləğv edilib. Q.Hüseynovun yerinə isə Bakı şəhəri 95 nömrəli tam orta məktəbin sabiq direktoru Babayev Fuad Polad oğlu noyabrın 27-də təyin edilib.
Xatırladaq ki, Qafar Hüseynovun işdən çıxarılması xəbəri dərs ili yeni başladığı ərəfədə yayılmışdı. Hətta xəbər məktəb kollektivi, şagird və valideynlər arasında etrazla qarşılanmışdı. Valideynlər və müəllimlər direktorun məktəbdən getməməsi üçün Təhsil Nazirliyinə müraciət etmişdilər. Q.Hüseynov imkansız şagirdlərə etdiyi kömək, məktəbdə yaratdığı nizam-intizam, yüksək səviyyli təhsil və gözəl münasibəti ilə uzun illər nümunə olub. Məhz bu səbəbdən də sözügedən məktəbə xüsusilə direktorun qurduğu sistemə görə müraciət edənlər çox olub.
Sözügedən məktəbin müəllimləri onun nümunəvi direktor olması, kollektivi peşəkarlıqla idarə etməsi, tədrisin keyfiyyətinin yüksəldiyini bildirir, valideynlər isə Q.Hüseynovun direktor olduğu müddətdə valideynlərdən qəti şəkildə pul yığılmadığını deyirdilər.