Quba-Xınalıq yolunun bir neçə kilometrliyində qar uçqunu baş verib.
Quba rayon 5 nömrəli Yol istismarı Məhdud Məsuliyyətli Cəmiyyətin baş mühəndisi Xanlar Qeybullayevin verdiyi məlumata görə, dünən gecə saatlarından başlayan qar yolun 33-57-ci kilometrliyində uçquna səbəb olub.
“Hazırda müvafiq texnika əraziyə cəlb olunsa da, yolda təmizləmə işlərinə başlaya bilmirik. Çünki hazırda yolda qarlı hava işləməyimizə mane olur, əraziyə daxil ola bilmirik. Bu gün günorta saatlarında qar yağmasında fasilə olacağı bildirilir. Qar dayanan kimi ərazidə iş aparılacaq. Xınalıq istiqamətində bəzi ərazilərdə az da olsa, işlərə başlamışıq. Lakin yolda qarın hündürlüyü 50 sm-dən çoxdur. Buna görə də əraziyə daxil olmaqda çətinlik çəkirik”.
Baş mühəndis onu da əlavə edib ki, uçqun yolda hərəkəti tamamilə məhdudlaşdırıb.
“Təxminən 6-7 kəndlə əlaqə kəsilib. Uçqun səbəbində ərazidə elektrik dirəklərinin zərər görməsi də istisna edilmir. Lakin hazırda ərazidəki vəziyyət bizim üçün də qaranlıqdır, dəqiq məlumatı əraziyə daxil olandan sonra öyrənəcəyik”.(publika.az)