Ölkənin dağlıq ərazilərinə gecə saatlarından başlayaraq güclü qar yağıb.
Hazırda bəzi dağətəyi ərazilərə də qar yağır.
Lerik rayon İcra Hakimiyyətindən Trend-ə verilən məlumata görə, dünən axşam saatlarından rayon ərazisinə qar yağmağa başlayıb: "Rayon ərazisində sulu qar yağsa da, dağ kəndlərində qarın hündürlüyü 5-6 sm-ə çatıb".
Qeyd edək ki, Quba rayonuna da hazırda qar yağır. Rayon sakinlərinin Trend-ə verdiyi məlumata görə, hazırda rayon ərazisi qardır və yağmaqda davam edir.
Şamaxı rayonuna ötən gün güclü qar yağsa da, rayon sakinlərinin sözlərinə görə, hazırda qar yağmır: "Ötən gün yağan qar səbəbindən bəzi dağ kəndlərinə gediş-gəliş pisləşib. Qar yolları bağlayıb, kəndlərə gedən yollar buz bağlayıb".
Ağsu rayon İcra Hakimiyyətindən verilən məlumata görə, rayonun dağ kəndlərinə qar yağıb: "Hazırda həmin kəndlərdə qar var. Amma rayon ərazisində yağışlı havadır. Ağsu aşırımının bəzi hissələrində qar olsa da, avtomobil yolu tam açıqdır". (trend)