Sakinlər arasında ciddi xəsarət və tələfat halları yaşanmayıb. Ancaq təsərrüfat tikililərinə, yaşayış binalarına, istinad divarlarına zərər dəyib.
Bu sözləri Zaqatala Rayon İcra Hakimiyyətindən icra başçısının birinci müavini Tofiq Əhmədov deyib. Ötən gün baş verən güclü zəlzələnin nəticələrindən danışan T.Əhmədovun sözlərinə görə, ümumilikdə nə qədər evə ziyan dəyməsi araşdırılır:
“Baş verən zəlzələnin gücü 6 balla ölçülür. Zaqataladan 24 km cənubda zəlzələ daha çox hiss olunub. Sakinlər arasında ciddi xəsarət və tələfat halları yaşanmayıb.
Ümumilikdə nə qədər evə ziyan dəydiyi tam məlum deyil. Hazırda komissiya işləyir, hesablama aparır”.
T.Əhmədov bildirib ki, xəstəxanalara zəlzələdən yaralanma halı ilə yerləşdirilən olmayıb:
“Sadəcə, saytların yazdığı kimi, bir yeniyetmə qorxaraq qaçdığı üçün ayağını əzib. Həmçinin stress və təzyiqlə xəstəxanaya müraciət edənlər var. Bu da birbaşa zəlzələnin səbəb olduğu fəsadlar deyil. Ancaq hansısa tikintinin aşması və ya daş parçasının düşməsi səbəbindən yaralanan olmayıb. Evlərin tamamilə uçması halı da yoxdur”.
İcra başçısnın müavini bildirib ki, icra hakimiyyətinin binasına heç bir zərər dəyməyib.
Qeyd edək ki, ötən gün saat 22:40-da Zaqatalada 6 bala qədər hiss edilən zəlzələ baş verib.