Xəbər verdiyimiz kimi, bu gün Azərbaycanın müdafiə sənayesi naziri Yavər Camalov dünyasını dəyişib. Məlumatı mərhum nazirin ailəsinə yaxın mənbələr təsdiqləyib. Onun hansı səbəbdən vəfat etdiyi hələlik açıqlanmayıb.
Məlumata görə, mərhum uzun müddət idi ki, ağır xəstəlikdən əziyyət çəkirdi.
Yavər Camalovun bioqrafiyasını oxuculara təqdim edirik:
Yavər Camalov 17 oktyabr 1949-cu ildə Sabirabad rayonunun Çölbeşdəli kəndində anadan olub. 1972-ci ildə Azərbaycan Neft və Kimya İnstitutunu bitirib.
1972 - ci ildə “Siyəzənneft” Neftqazçıxarma idarəsinin operatoru, 1972 – 1989- cu illərdə “Şirvanneft” Neftqazçıxarma idarəsində operator, mühəndis, böyük mühəndis, növbə rəisi, rayon mühəndis-texnoloji xidməti rəisinin müavini, baş mühəndis – sex rəisinin müavini, NQÇİ-nin baş mühəndisi, 1989 – 1995 - ci illərdə “Şirvanneft” Neftqazçıxarma idarəsinin rəisi, 1995 – 2003 - cü illərdə Quruda Neftqazçıxarma İstehsalat Birliyinin baş direktoru, 2003 – 2006 - cı illərdə “Azneft” İstehsalat Birliyinin baş direktoru vəzifələrində çalışıb.
Y.Camalov Azərbaycan Respublikası Prezidentinin 18 mart 2006 - cı il tarixli Sərəncamı ilə Azərbaycan Respublikasının Müdafiə Sənayesi naziri təyin edilib.
O, 16 oktyabr 2009-cu ildə İlham Əliyevin sərəncamına əsasən ölkənin iqtisadi inkişafındakı xidmətlərinə görə "Şöhrət" ordeni ilə təltif edilib. Mərhumun 3 oğlu olub.
Sabiq nazirin oğlu Rövşən Camalov ötən ilin sentyabr ayında 44 yaşında dünyasını dəyişib. O, uzun müddət xərçəng xəstəliyindən əziyyət çəkib.