İtaliyanın prezidenti Sergio Mattarella ADA Universitetində çıxış edib. Bu barədə Eurasia Diary məlumat verib.
Sözügedən çıxış onun Azərbaycana rəsmi səfəri çərçivəsində baş tutub.
Qeyd edək ki, daha əvvəl Sergio Mattarella Azərbaycan prezidenti İlham Əliyevlə görüşmüşdü.
Tədbirdə Milli Məclisin deputatları, İtaliyanın Azərbaycandakı səfirliyinin nümayəndələri, tələbələr və vətəndaş cəmiyyəti nümayəndələri iştirak ediblər.
ADA Universitetinin rektoru Hafiz Paşayev qonağı təqdim edib. O, tədbir iştirakçılarına Sergio Mattarellanın İtalyanın 12-ci prezidenti olduğunu və 2015-ci ildə seçildiyini bildirib.
"Biz İtaliya Respublikasının Prezidentinin Azərbaycanla İtaliya arasında sıx siyasi, iqtisadi, enerji və sosial əməkdaşlığının mövcud olduğu dövrdə Azərbaycana səfər etməsindən məmnunluq duyuruq".
Rektor həmçinin Cənub Qaz Dəhlizi birgə layihəsində İtaliyanın rolunu vurğulayıb.
İtaliyanın prezidenti Sergio Mattarella Azərbaycanın İtaliya üçün əsas tərəfdaş olduğunu deyib. O, bu səfərdən sonra Xəzər-Aralıq dənizi əlaqələrinin daha da güclənəcəyinə və gələcəkdə ölkələrin uzun illər boyu çox səmərəli əməkdaşlıq edəcəyinə əmin olduğunu ifadə edib. Həmçinin, müxtəlif millətlərin və dinlərin nümayəndələrinin bir ölkədə sülh şəraitində yaşamasının necə mümkün olduğuna təəccüblənən Sergio Mattarella Azərbaycanın tolerantlığına da toxunub.
Avropanın təhlükəsizliyi mövzusunda danışan İtaliya prezidenti İtaliyanın əsas götürdüyü sülh prinsiplərinin əhəmiyyətini vurğulayıb. O, Dağlıq Qarabağ münaqişəsinin yaxın vaxtlarda sülh yolu ilə həll ediləcəyinə ümidvar olduğunu bildirib.
Natalya Quliyeva