Bakı Beynəlxalq Tələbə Klubu artıq 3-cü dəfə keçirəcəyi böyük tədbirə start verib. Söhbət Azərbaycanda Əcnəbi Tələbə Gənclərin III Ümumrespublika forumundan gedir.
Eurasia Diary-nin verdiyi xəbərə görə, Gənclər Fondunun maliyyə dəstəyi ilə keçirilən forumun əsas məqsədi ölkəmizdə təhsil alan əcnəbi tələbələrin vahid şəbəkəsini yaradaraq BBTK-nın platformasında onları daha da möhkəmləndirmək, Azərbaycan həqiqətlərinin,mədəniyyətinin, tarixinin və turizm imkanlarının, xüsusilə Qarabağla bağlı obyektiv məlumatın dünya ictimaiyyətinə çatdırılmasında əcnəbi tələbələrin fəaliyyətini istiqamətləndirmək və onların təşəbbüslərinə dəstək vermək, həmçinin problemlərinin həllinə yardımçı olmaqdır. 28 may Respublika Günü ərəfəsində keçirilməsi nəzərdə tutulan əcnəbi tələbə gənclərin III forumunun yüksək səviyyədə təşkilinə Təhsil nazirliyi də xüsusi dəstək verir.
Artıq universitetlərdə əcnəbi tələbələrlə silsilə görüşlər keçirilir. Foruma seçiləcək nümayəndələrlə ətraflı söhbətlər aparılır. BBTK-nın əcnəbi tələbə gənclər üçün ənənəvi forum keçirmək təcrübəsi bir daha imkan verir ki, forum iştirakçıları onlar üçün təşkil olunan tribunadan öz fikirlərini, təkliflərini, təşəbbüslərini təqdim edə bilsinlər. ”Biz birlikdə güclüyük” devizi altında keçiriləcək forum azərbaycanlı və əcnəbi tələbə gənclər üçün həm də həmrəylik nümayişi olacaq.