“Təklif edirəm ki, II turda boş qalan plan yerlərinin I, II və IV ixtisas qrupu üzrə çox qaldığını nəzərə alaraq bu ixtisas qrupu üzrə seçim edən bütün subbakalavrlara ixtisas məhdudiyyəti tətbiq etmədən istənilən ixtisası seçmək imkanı verilsin”.
Eurasia Diary xəbər verir ki, bunu təhsil eksperti Kamran Əsədov deyib.
K.Əsədov təklif edib ki, maliyyə üzrə I turda seçim edən bütün subbakalavrlara mühasibatı, iqtisadiyyatı və II qrup üzrə bütün ixtisasları seçmək imkanı verilsin:
“Eyni zamanda I və IV ixtisas qrupu üzrə elektron ərizədə qəbulunda iştirak etmiş və qəbul olmamış bütün subbakalavrlara öz ixtisas qrupları daxilində istənilən universitetinin ixtisasını seçə bilmə imkanı verilsin. Çünki bu ixtisaslar üzrə boş qalan plan yerləri çoxdur. Eyni zamanda III ixtisas qrupu üzrə ali məktəbə qəbul olmayan abituriyentlərə II ixtisas qrupu üzrə beynəlxalq münasibətlər və regionşünaslıq ixtisaslarını seçmək imkanı verilsin.
Ümid edirəm ki, “Abituriyent” jurnalının 8-ci sayı nəşr olunanda, Təhsil Nazirliyi və Dövlət İmtahan Mərkəzi, Nazirlər Kabineti bunu nəzərə alacaq. Vaxta az qalıb, operativ qərar qəbul etmək lazımdır. Universitetlərin maliyyə imkanın yaxşılaşması üçün onların plan yeri 100 faiz dolmalıdır”.