Bakıda keçirilən “LiFFt-2019” IV Avrasiya ədəbi festivallar festivalının iştirakçıları oktyabrın 2-də Quba Soyqırımı Memorial Kompleksini ziyarət ediblər.
Eurasia Diary xəbər verir ki, kompleksi ziyarət zamanı festival iştirakçıları ermənilərin törətdikləri soyqırımı haqqında ətraflı məlumatlandırılıblar.
Bildirilib ki, Heydər Əliyev Fondunun dəstəyi ilə yaradılan Quba Soyqırımı Memorial Kompleksi 2013-cü il sentyabrın 18-də açılıb. Kompleksdə XX əsrin əvvəllərində Quba şəhərinin müxtəlif ərazilərinin görüntüləri, o zaman burada aparılan tikinti-quruculuq işləri, əhalinin həyat tərzi haqqında fotolar var. Burada quraşdırılmış sensor ekranlı monitordakı xüsusi xəritədə ermənilərin ötən əsrdə xalqımıza qarşı respublikamızın müxtəlif bölgələrində həyata keçirdikləri soyqırımı aktları barədə bir neçə dildə məlumat əldə etmək mümkündür.
Quba soyqırımı məzarlığı 2007-ci il aprelin 1-də ərazidə torpaq işləri görülərkən aşkarlanıb. Bundan sonra Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya və Etnoqrafiya İnstitutunun əməkdaşları tərəfindən kütləvi məzarlıqda geniş tədqiqat işləri aparılıb. Tədqiqatlar nəticəsində məzarlığın 1918-ci ildə ermənilərin yerli dinc əhaliyə qarşı törətdikləri soyqırımı ilə bağlı olduğu müəyyən edilib.
“Avrasiya Xalqları Assambleyası” Beynəlxalq Qeyri-Hökumət Təşkilatları İttifaqının dəstəyi ilə keçirilən festivalın təşkilatçıları Avrasiya xalqlarının “LiFFt” Mədəni Layihələrinin İnkişafına Dəstək Fondu və Heydər Əliyev Fondudur.
Festivalda Avrasiya ölkələrindən olan yazıçılar, şairlər, dramaturqlar, ədəbiyyat tənqidçiləri, mədəniyyət xadimləri iştirak edirlər.
Builki festival 2019-cu ilin BMT tərəfindən elan edilmiş Yerli Xalqların Dilləri İli Proqramına və böyük Azərbaycan şairi və mütəfəkkiri İmadəddin Nəsiminin 650 illiyinə həsr olunub.
Festivalın məqsədi Avrasiya ölkələrində yazıçıların və oxucuların yaradıcılıq və dostluq əlaqələrini möhkəmləndirmək, vahid Avrasiya ədəbi məkanı yaratmaqdır.