14-17 dekabr tarixlərində Misirin Şarm Əl-Şeyx şəhərində III Dünya Gənclər Forumu keçiriləcək.
Eurasia Diary yazır ki, bu barədə Misirin ölkəmizdəki səfiri Adel İbrahim məlumat verib. Tədbirdə Misir Prezidenti Abdel Fattah əl-Sisinin də iştirak edəcəyi gözlənilir.
Səfir Adel İbrahim sözügedən tədbirə qatılmaq üçün forumun rəsmi saytında qeydiyyatdan keçməklə dünyanın bütün ölkələrindən 18-40 yaş arasında olan gənclərin iştirak edə biləcəyini deyib. Əlavə edib ki, seçim forumun təşkilat komitəsi tərəfindən aparılacaq və builki tədbirdə iştirak üçün Azərbaycandan da 32 gənc seçilib. Səfir onu da deyib ki, xüsusi olaraq Misir və Azərbaycan gəncləri, ümumiyyətlə isə forumda iştirak edəcək dünya gəncləri arasında qarşılıqlı əlaqələrin gücləndirilməsi üçün Misir tərəfi iştirakçıların təyyarə biletlərini və mehmanxana xərclərini ödəməyi öz üzərinə götürüb.
Səfir forumun üç əsas mövzuya - sülh, inkişaf və yaradıcılıq mövzularına müraciət etdiyini, orada gənclər üçün maraq doğuran bir sıra mövzuların müzakirə olunacağını, həmçinin bu tədbirin dünyamızın üzləşdiyi problemlərə dair gənclərin öz fikirlərini bildirmələri üçün platforma olduğunu vurğulayıb. Diplomat onu da əlavə edib ki, birinci forum 2017-ci ilin noyabr ayında 113 ölkədən 3 min gəncin iştirakı ilə, ikinci forum 2018-ci ilin noyabr ayında 169 ölkədən 5 mindən çox gəncin, o cümlədən Azərbaycandan da 14 gəncin iştirakı ilə keçirilib.