Beynəlxalq Avrasiya Mətbuat Fondu (BAMF) tanınmış Koreya türkoloqu, professor Eunkyung Ohu “Mədəniyyət səfiri” (Cultural Ambassador) fəxri diplomu ilə təltif edib. Koreyalı türkoloq bu yüksək mükafata Avrasiya məkanında xalqlar arasında dostluq və mədəni əlaqələrin möhkəmləndirilməsi, Azərbaycan və bütövlükdə türk xalqları ədəbiyyatının tərcümə və təbliğindəki fəaliyyətinə görə layiq görülüb. Onun türk xalqlarının mədəni irsinin, folklorunun araşdırılmasında böyük xidmətləri vardır.
Eunkyung Oh Donkduk Qadınlar Universitetinin professoru, Avrasiya Türk Araşdırmaları İnstitutunun direktoru, ingiliscə yayınlanan “Avrasiya Türkoloji Araşdırmalar” dərgisinin baş redaktoru, YUNESKO-nun Asiya-Sakit Okean hövzəsi ölkələri üzrə təmsilçisi, Özbəkistan Elmlər Akademiyasının üzvü, nazir səviyyəsində Koreya prezidentinin müşaviridir.
Onun baş redaktorluğu ilə nəşr edilən “The Journal of Turkic Studies” jurnalı Koreya və türkdilli xalqlar arasında ortaq mədəniyyət çalışmalarının aparılması, araşdırmaların edilməsi sahəsində ciddi nüfuza malikdir. Koreyalı mütəxəssisin bu günədək türkoloji məsələlərə dair 150-dən çox araşdırması nəşr olunmuşdur.
Azərbaycan Yazıçılar Birliyinin fəxri üzvü olan müəllifin nəşr olunmuş elmi araşdırmaları içərisində “Türk ədəbiyyatında Koreya savaşı” (türkcə), “XX yüzil Türkiyə və Koreya ədəbiyyatında qadın” (türkçə), “Türkiyə və Koreya qəhrəmanlıq dastanlarının müqayisəli təhlili” (özbəkcə və rusca) və s. kitabları xüsusi yer tutur.
Eunkyung Oh, Yaşar Kamalın “İlanı öldürsələr”, “Ağrı dağı əfsanəsi”, “Minboğalar əfsanəsi”, “İncə Məmməd”, Murad Tuncelin “İnanna” romanlarını, Bəxtiyar Vahabzadənin “Gülüstan” adlı şeirlər və poemalar toplusunu Koreya dilinə çevirmişdir. O, eyni zamanda, Koreya ədəbiyyatının bir çox görkəmli sənətkarlarının əsərlərini müxtəlif türk dillərinə çevirmişdir.
Onun “XX yüzil Türkiyə və Koreya ədəbiyyatında qadın” monoqrafiyası 2020-ci ildə Azərbaycanda nəşr olunmuşdur.
Eunkyung Oh ictimai fəaliyyətlə də məşğul olmaqdadır. Onun araşdırmalarında Dağlıq Qarabağ problemində Azərbaycanın ədalətli mövqeyi müdafiə olunur, 20 Yanvar və Xocalı faciələrinin gerçək mahiyyəti aşkarlanır.
Türk xalqlarının əksəriyyətinin dillərini mükəmməl şəkildə bilən tədqiqatçı çoxsaylı araşdırmalarla yanaşı, bu xalqların həyatından bəhs edən sənədli filmlərin müəllifidir.
Hazırda onun redaktorluğu ilə Koreya dilində Türk Dünyası Ensiklopediyası nəşrə hazırlanır.
Mükafatın təqdimatı pandemiya ilə bağlı məhdudiyyətlər bitəndən sonra uyğun vaxtda gerçəkləşəcəkdir. Qeyd edək ki, BAMF-ın “Mədəniyyət səfiri” mükafatı buna qədər Azərbaycanın əməkdar artisti Qoçaq Əsgərov (Azərbaycan), Eleni və Suzana Vugiukli (Yunanıstan), Pier de Tregomenə (Fransa) və qeyri-adi qabiliyyətlərini nümayiş etdirməklə dünyada böyük şöhrət qazanan, adı "Ginnesin Rekordlar Kitabı"na düşmüş Üzeyir Novruzova (Amerika) təqdim edilib.