BDU-nun Jurnalistika fakültəsinin professoru Cahangir Məmmədli Rusiyanın məşhur ORT telekanalına məktub yazıb.
Eurasia Diary xəbər verir ki, müraciətdə adı çəkilən kanalın Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı qeyri-obyektiv münasibəti ön plana çəkilib.
Məktubun mətnini sizə təqdim edirik:
“Çox hörmətli Konstantin Lvoviç Azərbaycan Respubilkasının teletamaşaçıları həmişə sizin rəhbərlik etdiyiniz kanala rəğbətlə yanaşmış, bu kanalın obyektiv informasiya siyasətini yüksək qiymətləndirmişlər. “ORT” öz proqram formatlarında birmənalı olaraq Azərbaycan-Rusiya münasibətlərinə həmişə hörmətlə və obyektiv yanaşmışdır.
Hətta bu gün dünya mediasının diqqətində olan Ermənistan-Azərbaycan-Dağlıq Qarabağ problemi ilə bağlı davam edən müharibə xəbərlərini “Vremya” informasiya proqramının reportyorları balanslı şəkildə işıqlandırmağa cəhd göstərirlər.
Çox təəssüf ki, sizin əməkdaşınız Artyom Şeynin aparıcı olduğu "Время покажет" proqramda beynəlxalq jurnalistikanın obyektivlik, qərəzsizlik, dəqiqlik, balanslılıq kimi fundamental prinsiplərini pozaraq açıq şəkildə Ermənistanı müdafiə edir. Azərbaycan haqqında obyektiv fikir səsləndirən qonaqların birbaşa sözünü kəsir, onları təhqir edir (azərbaycanlı Samir Məmmədovu açıq təhqir etməsi buna sıradan bir sübutdur: 01 oktyabr 2020). Bununla da cənab Şeynin bir tərəfdən jurnalistikanın prinsiplərini pozur, İctimai televiziya haqqında qanuna kobud etinasızlıq edir və ən əsası, Azərbaycan-Rusiya münasibətlərini indiki həssas vəziyyətdə zərbə altına salır.
Hörmətli Konstantin Lvoviç! On iki il Azərbaycan İctimai Teleradiosunda Yayım Şurasına sədirlik etmiş təcrübəli bir jurnalist kimi sizdən xahiş edirəm ki, Artyom Şeyninin Qarabağ Ermənistan-Azərbaycan mövzusunda verlişlərində teleaparıcının və xüsusilə ictimai televiziyanın yaradıcılıq prinsiplərinə məhəl qoymamasının qarşısının alınmasına diqqət yetirəsiniz”.