Azərbaycanda akkreditasiya olunmuş səfirlər, hərbi ateşələr, diplomatlar, Azərbaycana qeyri-rezident əsasda akkreditasiya olunmuş diplomatlar Ağdamda Qarabağ xanlığının banisi Pənahəli xanın sarayının yerləşdiyi “İmarət” kompleksində olublar.
Eurasia Diary-nin məlumatına görə, diplomatlar kompleksin ərazisini gəzib, ermənilərin işğal müddətində burada törətdiyi dağıntıları gözləri ilə görüblər.
Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev diplomatlara ermənilərin işğal zamanı Pənahəli xanın, İbrahim xanın, Mehdiqulu xanın türbələrini, Xan qızı Xurşidbanu Natəvanın məzarını dağıtdıqları barədə məlumat verib.
***
Azərbaycanda və Türkiyədə akkreditə olunmuş xarici diplomatik korpusun nümayəndələrinin işğaldan azad edilən Ağdam rayonuna səfəri başlayıb.
Eurasia Diary xəbər verir ki, diplomatları Prezidentin köməkçisi, Prezident Administrasiyası xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev müşayiət edir.
Səfər çərçivəsində xarici diplomatik korpusların nümayəndələri Ağdam şəhərində Ermənistanın törətdiyi müharibə cinayətlərinin nəticələri ilə tanış olacaq, eləcə də Ağdamın tarixi və mədəniyyət abidələrini ziyarət edəcəklər