Bu gün Avrasiya Gündəliyi (EDNews) Beynəlxalq Analitik İnformasiya Portalının 6 yaşı tamam olur. Beynəlxalq Avrasiya Mətbuat Fondunun təşəbbüsü ilə Avrasiya Media Şəbəkəsinin tərkibində yaradılan və 2015-ci il avqustun 1-dən fəaliyyətə başlayan portal tez bir zamanda oxucu rəğbəti qazanıb.
Hazırda “EDNews” Azərbaycanda 4 dildə (Az, İng, Rus və Ərəb) müstəqil fəaliyyət göstərən və müxtəlif regional, qlobal münaqişələrin operativ işıqlandırılmasına, obyektiv təhlili istiqamətində töhfələr verən az sayda xəbər portallarından biridir.
Altı illik fəaliyyəti dövründə aktual hadisələri və münaqişələri beynəlxalq ekspertlərin rəyi ilə oxucuya təqdim edən, məşhur şəxslərdən eksklüziv müsahibələr alan, analitik məqalələrin yayımlandığı “EDNews” portalı cəmiyyətdə artan məlumat tələbatını təmin etmək, mübahisəli məsələlərlə bağlı oxucularına obyektiv məlumatlar verməyi qarşısına məqsəd qoyub.
“EDNews” kollektivi olaraq biz oxucularımıza, bizimlə əməkdaşlıq edən təşkilat və qurumlara, mənəvi dəstək olan dostlara və fəaliyyətimizdə daim bizim yanımızda olan həmkarlarımıza minnətdarlığımızı bildiririk.