Gorus-Qafan yolunda Azərbaycanın gömrük postu işə başladı - ednews.net

5 Dekabr,

Gorus-Qafan yolunda Azərbaycanın gömrük postu işə başladı

Cəmiyyət A- A A+

Ötən gecə saat 00.00-dan etibarən Gorus-Qafan yolunun Qubadlı rayonundan keçən hissəsində Azərbaycanın gömrük-sərhəd postu işə başlayıb.

EDNews.net xəbər verir ki, bu haqda Ermənistanın Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan açıqlayıb. “Bu gün (dünən, noyabrın 10-da,-red.) Azərbaycan tərəfi erməni tərəfini məlumatlandırıb ki, saat 00.00-dan etibarən Gorus-Qafan avtomobil yolunda gömrük və sərhəd prosedurları həyata keçirməyə başlayacaqlar, yəni nəzarət-buraxılış məntəqəsi quraşdıracaqlar”,-Qriqoryan deyib.

Onun sözlərinə görə, erməni tərəfi də cavab addımları atacaq və gömrük məntəqəsi yerləşdirəcək. Qriqoryan işin artıq başladığını deyib. Və bildirib ki, Gorus-Qafan yolunun Azərbaycandan keçən hissəsinə alternativ Qafan-Tatev yolu artıq hazırdır, bu yolla həm Gorusa, həm Yerevana getmək mümkündür. “Bu isə o deməkdir ki, Ermənistanın həm avtomobillərin keçməsi, həm yükdaşımalar üçün təhlükəsiz alternativ yolu var”,-Qriqoryan deyib.

Qeyd edək ki, Azərbaycan ötən ilin dekabrında Zəngilan-Qubadlı istiqamətində öz dövlət sərhədlərini bərpa edəndən sonra Gorus-Qafan yolunun bir hissəsi də Azərbaycanın nəzarətinə keçmişdi. Lakin Azərbaycan tərəfi alternativ yolun çəkilməsinə qədər Ermənistan vətəndaşlarının həmin yolla maneəsiz, yəni gömrük və sərhəd prosedurlarından keçmədən hərəkətinə imkan yaratmışdı.

Bu ilin avqustundan isə vəziyyət dəyişməyə başladı. Əvvəlcə Azərbaycan tərəfi Qarabağa qanunsuz yükdaşımalarla məşğul olan İran TIR-larına görə Gorus-Qafan yolunun üzərində polis postu yerləşdirdi. Və İran TIR-larından tranzit yükdaşımalarla bağlı qanunvericiliyin tələbi əsasında yol vergisi tutmağa başladı. Nəticədə İran tərəfi Qarabağa Laçın dəhlizindən keçməklə yükdaşımaları dayandırmalı oldu, eyni zamanda Ermənistana yük daşıyan İran TIR-ları o zaman qrunt yol olan Qafan-Tatev yolundan istifadə etməyə başladı.

İndi isə Azərbaycan Gorus-Qafan yolu üzərində sərhəd-nəzarət məntəqəsi yerləşdirir və belə vəziyyətdə Ermənistan vətəndaşlarının da bu yoldan istifadəsi sual altına düşür. Çünki sərhəd-gömrük postunu keçmək üçün xarici ölkə vətəndaşları viza təqdim etməlidir. Ermənistanla Azərbaycan arasında diplomatik münasibətlər isə yoxdur və deməli Ermənistan vətəndaşları viza almaqla bu yoldan istifadə edə bilməyəcək. Və ümumiyyətlə, onların bir şəhərdən digərinə getmək üçün başqa ölkənin, yəni Azərbaycanın gömrük-sərhəd postunu keçməsi ağlabatan deyil və deməli indiki halda öz ölkələrinin ərazisindən keçən alternativ yoldan istifadə edəcəklər.

Hərçənd Ermənistan vətəndaşları üçün Gorus-Qafan yolunun Qubadlıdan keçən hissəsindən istifadə ilə bağlı qanuni gömrük-sərhəd prosedurlarının da ötən gecədən etibarən işə düşdüyü hələ aydın deyil.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...