Xətai rayonundakı 3 saylı Uşaq Evində döyülmə haqqında yeni təfərrüatlar məlum olub.
Məsələ ilə bağlı Ednews-a açıqlama verən 3 saylı Uşaq Evinin direktoru Məhbubə Hüseynova bildirib ki, müəssisədə döyülən tərbiyəçi köməkçisi Gülcan Nağıyeva işdən qovulub.
“10 yaşlı oğlu ilə görüşə gələn valideyn övladının tərbiyəçi köməkçisi tərəfindən döyülməsini eşitdikdən sonra bu hadisə baş verib. Hadisə yanvarın 16-da baş verib. Münaqişədən dərhal sonra biz pedoqoji iclas keçirib, G.Nağıyevanın işdən kənarlaşdırılması barədə qərar verdik”.
Söhbət zamanı direktor tərbiyəçinin hərəkətini kəskin qınadığını da deyib.
Məlumata görə, zərərçəkən xəstəxanaya və polisə müraciət edib.
Qeyd edək ki, hadisə sosial şəbəkələrdə yayılan görüntülərdən sonra ictimailəşib.
Xatırladaq ki, 3 saylı Uşaq Evində kimsəsiz və valideyn himayəsindən məhrum uşaqlar böyüyür.
Gülnar Səlimova