“Barışıq Resursları” təşkilatının əməkdaşları Laurens Broers və Cenni Tobias Beynəlxalq Avrasiya Mətbuat Fondunun qonağı olublar.
Qonaqlar fondun nəzdində fəaliyyət göstərən “Eurasia Diary” analitik informasiya portalının Baş redaktoru Vüsalə Balayeva, əməkdaşları Elnur Ənvəroğlu və Yunis Abdullayev ilə görüşüblər.
Görüşdə ilk olaraq qonaqlar BAMF-ın tarixi və fəaliyyəti barədə geniş məlumatla tanış olublar. Qonaqlara bildirilib ki, təşkilat dörd əsas istiqamətdə - Media&Vətəndaş Cəmiyyəti, İctimai İnkişaf, Qaçqınlar və məcburi köçkünlərin problemləri və Böhranın idarə olunması, sülhməramlı aksiyaları sahələrində fəaliyyət göstərir və bu məsələlər ilə bağlı xeyli işlər də həyata keçirib. Həmçinin, BAMF-ın mina təmizləmə aksiyaları, insan hüquqları, humanitar məsələlər və dayanıqlı inkişaf sahələri üzrə layihələr həyata keçirdiyini nəzərə çatdırılıb.
Barışıq Resurslarının əməkdaşı və münaqişə üzrə tanınmış ekspert Laurens Broers də təmsil etdiyi təşkilatın fəaliyyət istiqamətləri və məqsədləri, o cümlədən Qarabağ münaqişə ilə bağlı gördüyü işlər barədə məlumat verib. Broers, həmçinin İkinci Qarabağ müharibəsindən əvvəl Barışıq Resurslarının Ermənistan və Azərbaycanın qeyri-hökumət təşkilatları və media qurumları arasında qarşılıqlı etimadın bərpası və sülh quruculuğu ilə bağlı dialoqlar təşkil etdiyini və sənədli filmlər çəkdiyini bildirib.Bundan başqa, ekspert qeyd edib ki, post müharibə dövründə təşkilat yenidən Ermənistan və Azərbaycan vətəndaş cəmiyyətləri arasında dialoq və danışıqlar təşkil etməyi planlaşdırır.
Söhbət zamanı hər iki tərəf arasında Cənubi Qafqazda hazırki vəziyyət, Ermənistan və Azərbaycan arasında sülh prosesləri, Qarabağ bölgəsində ermənilərin və azərbaycanlıların birgə yaşayışın mümkünlüyü ətrafında fikir mübadilələri aparılıb. Müzakirə zamanı regionda sülhün və sabitliyin möhkəmlənməsinin vacibliyi vurğulanıb.
Analitik portalın əməkdaşı Elnur Ənvəroğlu erməni işğalçı qüvvələrinin son otuz ildə Qarabağ bölgəsində törətdiyi vəhşilikləri qonaqların nəzərinə çatdırıb. O, qeyd edib ki, erməni işğalçılarının Ağdam, Füzuli və digər işğal altında olmuş ərazilərdə şəhərləri, qəsəbələri və kəndləri, o cümlədən mədəniyyət və dini abidələri viran etməsi tarixdə görülməmiş cinayyətdir.
Sonda qonaqlar Qarabağ bölgəsində ermənilərin və azərbaycanlıların birgə yaşayışının təmin edilməsi və bir-birlərinə qarşılıqlı etimadın bərpası üçün sülh mexanizmlərinə toxunub. Broers hər iki xalqın birlikdə sülh və dinc şəraitdə yaşaması üçün bir-birilərinin milli və dini kimliyinə hörmət göstərilməsinin vacibliyini vurğulayıb. Ekspert onu da bildirib ki, hər iki xalqın vətəndaş cəmiyyətləri mütləq şəkildə sülh proseslərində aktiv iştirak etməlidir.