Azərbaycanda növbəti dəfə dayənin uşağa işgəncə verməsilə ilə bağlı video görüntülər yayılıb.
Valideynlər hadisə barədə evdə olan təhlükəsizlik kamerasına baxdıqdan sonra xəbər tutub. Görüntülərdə dayənin yatmağını tələb etdiyi uşağa şpris iynəsi ilə işgəncə verməsi əks olunub.
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin mətbuat katibi Teymur Mərdanoğlu Ednews-a bildirib ki, məsələ ilə bağlı araşdırma aparılır:
"Hazırda faktın doğru olub-olmadığı yoxlanılır və müəyyən bir nəticə olduqda ictimaiyyətə məlumat veriləcək".
Onun sözlərinə görə, əgər fakt sübuta yetirilərsə və valideyn bununla bağlı şikayət edərsə həmin dayə məsuliyyətə cəlb olunacaq.
Tanınmış hüquqşünas Əsabəli Mustafayev saytımız üçün məsələni hüquqi prizmadan qiymətləndirib.
“Kimliyindən asılı olmayaraq azyaşlıya işgəncə verən şəxs, qohumluq dərəcəsindən asılı olmayaraq məsuliyyət daşıyır. Cəzanın ağırlıq dərəcəsi araşdırmanın nəticəsindən asılı olur. İşgəncənin və ya pis rəftarın ağırlıq dərəcəsi var. Burada hərəkətlərin müddəti, vurduğu zərərin dərinliyi kimi məsələləri var. Sözügedən video ilə bağlı əgər faktın həqiqiliyi sübut olunarsa, cinayətin ağırlıq dərəcəsindən asılı olaraq dayəni 2 ildən 5 ilə qədər həbs cəza gözləyir”.
Gülnar Səlimova