Paytaxtda 20 nömrəli məktəb-lisey bağlanıb.
Bu barədə Bakı Şəhəri üzrə Təhsil İdarəsindən (BŞTİ) Ednews-a məlumat verilib.
Bildirilib ki, paytaxtda koronavirusa yoluxma sayı artdığına və sözügedən təhsil ocağında COVID-19 infeksiyasına yoluxma halı qeydə alındığına görə məktəbin bağlanmasına qərar verilib. Gigiyena və Epidemiologiya Mərkəzinin rəyi əsasında 20 nömrəli məktəb-liseydə əyani tədris prosesi 7 gün müddətinə distant təhsillə əvəz olunub.
Artıq bununla bağlı məktəb rəhbərliyi tərəfindən valideynlərə məlumat verilib.
Qeyd edək ki, hazırda təhsil müəssisələrində tədris və təlim-tərbiyə prosesi Nazirlər Kabinetinin “Xüsusi karantin rejimi dövründə Azərbaycan Respublikasında fəaliyyət göstərən təhsil müəssisələrində tədris və təlim-tərbiyə prosesinin təşkilinin müvəqqəti Qaydaları”na uyğun olaraq təşkil edilir. Təhsil müəssisələrində koronavirus infeksiyasına qarşı şagirdlərin və məktəbin pedaqoji heyətinin daha etibarlı qorunması üçün sanitar-epidemioloji vəziyyətdən irəli gələn tələblərə ciddi əməl olunur və müvafiq qaydaların icrası ilə bağlı mütəmadi monitorinqlər aparılır. BŞTİ rəhbərliyi və İdarənin əməkdaşları da gündəlik məktəblərə gedir, tədrisin təşkili vəziyyəti ilə yerində tanış olurlar.