4 yaşlı Məryəm Hüseynlinin öldürülüb quyuya atılması ilə əlaqədar onun atası Taleh Allahyarov barəsində cinayət işi başlanılıb.
Baş Prokurorluğun Mətbuat xidmətinin prokuroru Aynur Əfəndiyeva bildirib ki, hadisə ilə bağlı Xəzər rayon prokurorluğunda Cinayət Məcəlləsinin 126.3 (Qəsdən sağlamlığa ağır zərər vurma) və 133.2.4 (əzab vermə) maddələri ilə cinayət işinin istintaqı aparılır.
Əzabvermə xüsusatı ilə bağlı uşağın atası T.Allahyarov şübhəli şəxs qismində saxlanılıb.
Xatırladaq ki, ötən gün T. Allahyarov ATV-nin “Bizimləsən” proqramında iştirak edib. Veriliş zamanı onun həyat yoldaşına göndərdiyi videogörüntülər yayımlanıb. Görüntülərdə T. Allahyarovun 4 yaşlı Məryəmin boğazına məftil keçirərək arvadına evə qayıtmayacağı təqdirdə uşağı öldürəcəyi ilə bağlı hədələr əks olunub.
Bu videodan sonra Xəzər rayon Polis İdarəsinin əməkdaşları studiyaya gələrək T. Allahyarovu saxlayıblar.
Qeyd edək ki, yanvarın 31-də 2018-ci il təvəllüdlü Məryəm Hüseynlinin meyiti Xəzər rayonu ərazisində aşkarlanıb. Onun qonşusu 1990-cı il təvəllüdlü Mehman Mansurov tərəfindən döyülərək öldürüldüyü, daha sonra quyuya atıldığı iddia edilir.
Faktla bağlı Xəzər Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 126.3-cü (Qəsdən sağlamlığa ağır zərər vurma, zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb, istintaq aparılır.
M. Mansurov barəsində həbs qətimkan tədbiri seçilib.