Xəbər verdiyimiz kimi, haqqin.az və virtualaz.org saytlarının rəhbəri, jurnalist Eynulla Fətullayev və reportyorumuz Murad Səmədov bir neçə gündür Ukraynada ezamiyyətdə idi. Əməkdaşlarımız Kiyevdə müsahibələr və reportajlar hazırlayandan sonra oradan Donbasa yola düşmüşdülər və qaynar nöqtədən reportajları davam etdirirdilər. Və bu gün səhərə yaxın Rusiya Ukraynaya irimiqyaslı hərbi müdaxiləyə başlayanda onlar təmas xəttinə yaxın bölgədə hadisələrin gedişini izləməyə imkan tapan azsaylı xarici jurnalistlərdən olublar.
Hazırda Eynulla Fətullayev və Murad Səmədov Donetsk vilayətinin cəbhə xəttindən təxminən 20 kilometr aralıda yerləşən yaşayış məntəqələrindən birindədir. Az əvvəl Eynulla Fətullayevlə əlaqə saxlaya bildik və o, hazırda Donetsk vilayətində şiddətli döyüşlərin getdiyini, Ukrayna ordusunun qaçıb dağıldığı haqda xəbərlərin doğru olmadığını bildirdi.
“Hazırda cəbhə xəttindən təxminən 20 kilometr aralıda olan Baxmut qəsəbəsindəyik, uzaqdan artilleriya və raket zərbələrinin səsləri eşidilir. İnsanlar arasında ciddi panika yoxdur, amma əhali öz imkanları ilə təxliyə olunmağa çalışır. Ukrayna ordusunun döyüş texnikası bir ucdan cəbhə xəttinə doğru gedir, şiddətli müqavimət var. Ukraynalılar güclü müqavimət göstərirlər”, - E.Fətullayev bildirib.