Beynəlxalq Avrasiya Mətbuat Fondu (BAMF) yarandığı ilk gündən Qarabağ həqiqətlərinin, Azərbaycan tarixində Qarabağın tarixinin, iqtisadiyyatının, mədəniyyətinin və dünyəvi mahiyyətinin rolunu araşdıraraq beynəlxalq ictimaiyyətə çatdırıb.
BAMF-ın budəfəki araşdırmasının nəticəsinə görə, məlum olub ki, Qarabağ rayonlarında 1975-80-ci illərdə üzümçülük sahəsi təxminən 79 min hektar təşkil edib. O zamanlar Azərbaycanda istehsal edilən üzümçülük məhsullarının 60 faizdən çoxu Qarabağ zonasının payına düşürdü. Bu dövrdə Qarabağ zonasında üzüm istehsalı 294 min tona çatırdı.
Ednews-un məlumatına görə, Qarabağ ərazisində başlıca üzüm növlərindən Təbrizi, Qaraburunu, Ağadayı, Əsgəri, Qara şani, Ağ Şanı əkilib-becərilirdi. Texniki sortlardan ən çox yayılanları Mədrəsə, Bayanşirə, Həməşərə, Xindoqnı, Molayi, Tavkveri idi. Bu üzüm sortlarından hazırlanan şərabların çoxu beynəlxalq müsabiqələrə, müxtəlif mükafatlara layiq görülüb. Qarabağın ən məşhur şərabları sayılan bu içkilər xüsusən Sovetlər Birliyinə daxil olan bütün respublikalara ixrac olunurdu.
Təkcə Füzuli rayonunda hər il 100 min tondan çox üzüm istehsal olunurdu.
Azərbaycanda Ulu Öndər Heydər Əliyevin rəhbərlik etdiyi dövrlərdə üzümçülüyün inkişafında kənd təsərrüfatı istehsalını daha da ixtisaslaşdırmaq, üzümçülüyü və şərabçılığı inkişaf etdirmək tədbirləri haqqında qərarları əhəmiyyətli rol oynadı.
Təəssüf ki, 90-cı illərin əvvəllərindən artıq Qarabağdakı üzümlük sahələrinin 45 min hektardan çox hissəsi Ermənistanın işğalçı ordusu tərəfindən yerlə-yeksan olundu və həmin ərazilər minalarla çirkləndirilərək, insan həyatı üçün təhlükəli zonaya çevrildi.
2020-ci ilin sonları Azərbaycanın torpaqları işğaldan azad edilsə də, uzun illər ərzində bu ərazilərdə yaradılmış mina təhlükəsi insan həyatına, sosial-iqtisadi inkişafa təhdidlər yaradır, qiymətli kənd təsərrüfatı torpaqlarını girovda saxlamaqda davam edir.
Bu gün minalara qarşı beynəlxalq platformanın təşkili, ən qabaqcıl beynəlxalq qurumların mina təhlükəsi ilə mübarizə proqramlarına cəlb edilməsi, sülh, əmin amanlıq və sosial iqtisadi inkişaf üçün önəmli faktorlardandır. Artıq müharibələr nəticəsində törədilmiş dağıntıların aradan qaldırılmasının, mərmilərin, minaların təsirindən sinəsi parça-parça olan torpaqlara Sülh kökləri ilə məlhəm olmağın, yeni bağların, yeni həyatın qurulmasının vaxtı gəlib çatıb.