UNICEF-in Nyu Yorkda yerləşən baş qərargahının Uşaqların Müdafiəsi Bölməsinin və PSTM mərkəzinin rəhbəri cənab Huq Lorens Avropa İttifaqının maliyyə dəstəyi ilə həyata keçirilən Partlayıcı Sursatların Təhlükəsinə dair Maarifləndirmə (PSTM) layihəsinin Ağdam rayonu fəaliyyəti ilə yaxından tanış olub.
Ednews xəbər verir ki, icma komitələri tərəfindən aparılan görüşlərdə UNİCEF Azərbaycan nümayəndəliyinin PSTM üzrə mütəxəssisi Bəxtiyar Səlimov, ANAMA-nın Maarifləndirmə Şöbəsinin müdiri Ramil Əzizov və “Dayaq” təşkilatının rəhbəri Şahin İbrahimov layihənin əhəmiyyəti ilə bağlı çıxış ediblər.
Huq Lorens Ağdam rayonu Mirəşelli kənd orta məktəbində ilk olaraq layihə çərçivəsində məktəbdə hazırlanmış süni mina sahəsini gözdən keçirdi. Daha sonra maarifləndirmə təlimində iştirak edərək təlimin keçirilməsi ilə yaxından tanış oldu. Təlimin sonunda PSTM üzrə mütəxəssisi Bəxtiyar Səlimov, ANAMA-nın Maarifləndirmə Şöbəsinin müdiri Ramil Əzizov və “Dayaq” təşkilatının rəhbəri Şahin İbrahimov layihənin əhəmiyyəti ilə bağlı çıxış ediblər.
Layihə koordinatoru Qabil Aşirov, regional koordinatorlar Vuqar Şahbazov və Zaur Quliyev tədbirdə yaxından iştirak ediblər.
Qeyd edək ki, Avropa İttifaqının maliyyə yardımı, UNICEF-in Azərbaycan Nümayəndəliyinin və ANAMA-nın dəstəyi ilə “Dayaq” təşkilatı tərəfindən həyata keçirilən PSTM layihəsi 2021-ci ilin oktyabr ayından etibarən davam etməkdədir.