Bakıda qətl hadisəsi törədilib.
Ednews xəbər verir ki, hadisə Nəsimi rayonunda qeydə alınıb.
Dünən axşam saatlarında Yusifov Zaur Əli oğlu odlu silahla güllələnərək qətlə yetirilib. Məlumata görə, kriminal avtoritet “Emin 444” ləqəbli Emin Səfərovun qətlində ittiham olunan Zaur Yusifov məhkəmədə bəraət alaraq azadlığa çıxıbmış. Qeyd edək ki, Zaur Yusifov kikboks üzrə dünya çempionu olub.
Hüquq mühafizə orqanlarından verilən məlumata görə Zaur Yusifovu qətlə yetirməkdə şübhəli bilinən şəxs tutulub.
Bildirilib ki, hadisəni törətməkdə şübhəli bilinən 2000-ci il təvəllüdlü Samir Şirəliyev polis əməkdaşları tərəfindən saxlanılaraq istintaqa təhvil verilib. Məlumata görə, S.Şirəliyev kriminal aləmdə “Emin 444” kimi tanınan Emin Səfərovun xalası oğludur.
Qeyd edək ki, hadisə martın 14-də Binəqədi rayonu, 6-cı mikrorayon ərazisində yerləşən marketlərin birində qeydə alınıb. Belə ki, 1984-cü il təvəllüdlü Yusifov Zaur Əli oğlu naməlum şəxs tərəfindən odlu silahla güllələnərək qətlə yetirilib. Hadisəni törədən şəxsin müəyyən edilərək saxlanılması istiqamətində əməliyyat-axtarış tədbirləri aparılır.
Faktla bağlı Binəqədi Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (Qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb.
Xatırladaq ki, 2020-ci il mayın 9-da Binəqədi rayonu ərazisində 1995-ci il təvəllüdlü Həsən Tağıyev 1988-ci il təvəllüdlü Emin Səfərovu avtomobilində çoxsaylı bıçaq xəsarətləri ilə qətlə yetirib. İstintaq zamanı Zaur Yusifov da tutulub.
Kikboks üzrə dünya çempionu Z.Yusifov Emin Səfərovun qətlini sifariş etməkdə ittiham edilib. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmünə əsasən, H.Tağıyev 18 il müddətinə azadlıqdan məhrum olunub. Z.Yusifova isə qətldə iştirakı sübuta yetirilmədiyinə görə bəraət verilib. O, məhkəmə zalından azadlığa buraxılıb.