Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri, Xalq yazıçısı Rüstəm İbrahimbəyovun Nizami Kino Mərkəzində vida mərasimi keçirilir.
Ednews xəbər verir ki, mərasim video slayd vasitəsilə Rüstəm İbrahimbəyova həsr edilən sənədli filmin nümayişi ilə başlayıb.
Mərasimdə Mədəniyyət naziri Anar Kərimov, Yazıçılar Birliyinin sədri Anar, Xalq yazıçısı Çingiz Abdullayev, Xalq artisti Fərhad Bədəlbəyli, Xalq artisti Rasim Balayev, tanınmış alim Rafiq Əliyev, Xalq şairi Ramiz Rövşən və mərhumun ailə üzvləri və başqaları iştirak edir.
Açılış nitqi ilə Çingiz Abdullayev çıxış edib.
Xalq yazıçısı bildirib ki, Azərbaycan mədəniyyətinin böyük istedada malik şəxsiyyətləri Rüstəm İbrahimbəyov və qardaşı Maqsud İbrahimbəyovun Azərbaycan torpağında bir yerdə uyuyacaqlar.
“Rüstəmin bir sözü vardı ki, əgər ləyaqətlə yaşasan dəfninə ləyaqətli insanlar gələcək. Onlar bu gün burdadırlar”, - deyə Çingiz Abdullayev deyib.
Daha sonra Mədəniyyət naziri Anar Kərimov mərhumla bağlı fikirlərini bildirib. O, qeyd edib ki, Rüstəm İbrahimbəyov Azərbaycan mədəniyyətinə 60 ildən çox xidmət edib və bu gün Azərbaycan mədəniyyəti üçün ən kədərli günlərdən biridir.
“Azərbaycan milli kinosunun və ədəbiyyatının ən parlaq simalarından biri olan Rüstəm İbrahimbəyov dünyasını dəyişərək haqqa qovuşub. Bu gün bu mərasimi keçirməklə biz ona və onun ailəsinə dərin hörmətimizi izhar etmək istərdik. Fürsətdən istifadə edərək onu ailəsinə, yaxınlarına, dostlarına, mədəniyyət xadimlərimizə, ümümiyyətlə Azərbaycan və Rusiya ictimaiyyətinə dərin hüznlə başsağlığımızı çatdırırıq. Allah ona rəhmət eləsin!”
Xalq yazıçısı Anar isə qeyd edib ki, Rüstəm İbrahimbəyov Bakıdan uzaqlarda olsa da ürəyi hər zaman Azərbaycanla döyünürdü.
“Rüstəm də Qara Qarayev, Tahir Salahov, Müslüm Maqomayev kimi uzun zaman Azərbaycandan kənarda yaşadı, amma əbədi Azərbaycan torpağına qayıtdı. Onun əsərlərini yaşatmağımız lazım deyil, o əsərlər özləri yaşayacaq. Onun nəsri, dramaturgiyası da, kino əsərləri də yaşayacaq. Amma onun bir yadigarını yaşatmaq bizim borcumuzdur. Mən əlaqədar təşkilatlara müraciət edib deyirəm ki, Rüstəmin yaratdığı və balası kimi bəslədiyi “İbrus” teatrını yaşatmalıyıq. O teatr aradan çıxmamalıdır. Əlvida Rüstəm!”
Vida mərasimindən sonra cənazə dəfn edilmək üçün I Fəxri xiyabana aparılacaq.
Qeyd edək ki, R.İbrahimbəyov 1939-cu il fevralın 5-də Bakı şəhərində anadan olub. O, martın 10-dan 11-nə keçən gecə Rusiyanın paytaxtı Moskva şəhərində vəfat edib. Onun cənazəsi martın 15-də Vətənə gətirilib.