Rusiyanın ”Exo Moskva” kanalının redaktoru, jurnalist Aleksey Venediktov Azərbaycan haqqında qərəzli fikirlər səsləndirib. O, verdiyi müsahibələrinin birində Azərbaycan Prezidenti İlham Əliyevin erməni əsirlərini mina xəritələrinə dəyişməsi haqqında ironik çıxış edib. Bununla da jurnalist öz qərəzli mövqeyi ilə yetinməyərək, Xankəndi şəhərini “Stepanakert” adlandırıb. Şuşanın bərpa-quruculuq işlərindən sonra dünyanın diqqət mərkəzinə çevriləcəyini deyən Venediktov, onu Honkonq və Dubayla müqayisə edib.
Məsələ ilə bağlı Ednews-a danışan Mətbuat Şurasının sədr müavini və Beynəlxalq Avrasiya Mətbuat Fondunun prezidenti Umud Mirzəyev jurnalistin qərəzli mövqeyini belə şərh edib:
“Venediktov şöhrəti erkən tapmış, Sovetlərin dağılması dövründə ortaya çıxan və bunun sayəsində üzdə olan jurnalistlərdən biri olub. O, özünü yalandan demokrat hesab edən və guya bu yolla “haqq-ədalətin keşiyində” duranlardan biri hesab edən adamlardandır”.
BAMF-ın rəhbəri jurnalistin Azərbaycan Prezidentinə qarşı səsləndirdiyi qərəzli fikirlərə də münasibət bildirib.
“Venediktovun müsahibəsində diqqətimi çəkən məqam onun çox rişxəndlə, ironik bir tərzdə Azərbaycan Prezidentinin erməni əsirlərini mina xəritələrinə dəyişməsi məsələsini dəfələrlə vurğulamasıdır. Bu əslində elə onun insan kimi özünü alçaldan bir məqamıdır. Çünki Azərbaycan torpaqlarına 30 il mina əkilib, bu səbəbdən də 1 milyona yaxın insan geri öz ata-baba yurdlarına dönə bilmir. Onlar səbirsizliklə qayıdış gününü gözləyirlər. Venediktov isə bu insanlara həqarət edir, onlara acımaq əvəzinə aşağılayıcı yanaşma sərgiləyir. Bu da onun iç üzünü göstərir”.
Sonda Umud Mirzəyev illər əvvəl Aleksey Venediktovla görüşü barədə də danışıb.
“1993-cü ildə Radio Mayakda mənim Peterburq yazıçısı Yuri Pompeyev, Modris Auzenş, Aleksey Venediktovla birlikdə görüşümüz və müsahibəmiz olub. Venediktov müasir jurnalistikada daha çox lovğalığı və haqqı-sayının olmasını qabarıq nümayiş etdirən jurnalistlərdən biri kimi tanınır.
O, Azərbaycan Prezidentinin Xankəndini "sonraya" saxlamasına kinayə etməsilə göstərmiş oldu ki, son prosesləri diqqətlə izləyir və haqq savaşının sonuna az qaldığını həzm edə bilmir. Həmçinin, Venediktov bilməli idi ki, Azərbaycan toponimlərinə xüsusilə son zamanlar böyük önəm verir və hazırda “Stepanakert” adlı bir ərazi yoxdur. Azərbaycana məxsus Xankəndi və digər ərazilərin qanunsuz erməni silahlılarından təmizlənəcəyi gün isə uzaqda deyil. Venediktov və onunla eyni düşüncəni paylaşanlar artıq bunu dərk etsinlər".
Aleksey Venediktovun sözügedən videosunu təqdim edirik: