Bakının Yasamal rayonu, Zivərbəy Əhmədbəyov 10 ünvanında yerləşən yarıtikilidə Bakınnı narkomanlarının yığışdığı ən məşhur ocağıdır.
Ednews-un əməkdaşının apardığı araşdırma zamanı məlum olub ki, bu yerə şəhərin müxtəlif yerlərindən və təbəqələrindən insanlar toplaşır. Onlar burada mütəmadi olaraq narkotik qəbul edir.
Ərazidə olan insanlardan birinə yaxınlaşırıq, deyəsən o da bizimlə söhbət etməyə maraqlıdır. Lakin bir şərti var, naməlum qalmaq istəyir. Razılaşırıq...
.jpg)
O, qeyd edir ki, 2018 ci ildən narkotik maddələrin aludəçisidir. 24 yaşlı bu gənc Bakı Dövlət Univerditetində təhsil alıb. Uzun müddətdir ki, bu yarı tikili binada yaşayır. Dediyinə görə bura hər təbəqədən insanlar gəlir.
“İnanırsız, bura necə insanlar gəlir. Ailəsi olan, yaxşı işlədə çalışanlar, xüsusi statusa malik olan insanlar. O dəfə biri gəlmişdi, təsadüfən dostlarının tövsiyyəsi ilə narkotik maddənin dadına baxıb və indi bunun aludəçisidir”.
24 yaşlı bu gənc deyir ki, anadangəlmə serebral iflicdən əziyyət çəkir. Məhz bu xəstəlik də onu bu maddənin aludəçisinə çevirib. Əvvəllər ağrılarını yox etmək üçün istifadə etdiyi narkotik vasitələr, hazırda onun həyatına hakim kəsilib.
“Bu alçaq maddələrdən qurtulmaq istəyirəm, ancaq bunun üçün heç bir şəraitim və imkanım yoxdur”.
Bu zaman gənclə söhbətimizi görüb başqa bir nəfər də bizə yaxınlaşır. 33 yaşlı bu insan özünü digər müsahibimizdən fərqli olaraq birbaşa təqdim edir.
.jpg)
“Samir Mirzəyev”.
Samir bildirir ki, evi uzaqda olduğu üçün hər gün yollarda vaxt keçirməmək üçün elə buranı, yarıtikilini özünə məskən edib.
“Evdə qalanda narkotik vasitələri tapmaq çətin olur. Səhər yuxudan ayılanda çox bərbad vəziyyətdə oluram. Atam yoxdur, anam və bacımla yaşayıram. Bura gələndə 5-10 gün ərazidə qalıram. Küçələrdə gəzib plasmas və aluminium yığıb satıram, sonra da qazancıma narkotik vasitə alıb istifadə edirəm”.
Samir deyir ki, əvvəllər Ukraynada öz evi olub. O, bildirir ki, dəfələrlə zərərli maddələri tərqidmək istəsə də, psixoloji vəziyyəti əl verməyib.
“Dəfələrlə olub evdə oturub, narkotik vurmamağa çalışmışam. Evdəkilər bu işdə mənə inamsızlıq nümayiş etdiriblər, bu da insana çox psixi təsir edib. (Ağlayır) . Hazırda istədiyim tək bir şey var müalicə olum öz normal həyatıma qayıtmaq. Çox açınacaqlı vəziyyətdəyəm. Mən belə ölümə gedirəm. Çox yaxşı rəsm çəkmək bacarığım var. Narkotik vurmayan da elə bil insanın dərisin sümüyündən ayırırlar, bu dərəcədə ağrılarım olur. O elə bir ağrıdı ki heç öz düşmənimə də bunu arzulamaram. Son zamanlar oğurluqların da artma səbəbləri elə buna görədir”.
Samir həmçinin bildirir ki, hazırda onun vəziyyətində yetərincə insanlar var.
“Mənim vəziyyətimdə olan çox insanlar var, fərqi yoxdur qız, oğlan. Elələri var ki, altında xarici avtomobili, geyimi , ailəsi gəlir burada damara iynə vurub, çıxıb gedir”.
.jpg)
Məsələyə dərhal müdaxilə edən Daxili İşlər Nazirliyindən bildiriblər ki, ərazi tam nəzarətə götürülüb. Bu barədə qurumun mətbuat şöbəsinin əməkdaşı Nurlan Əliyev bildirib. O, qeyd edib ki, ərazi barədə məlumat alan kimi hüquq mühafizə orqanları hərəkətə keçib. Ərazi 7/24 nəzarət altındadır.
Məsələni diqqətdə saxlayacağıq.
Fariz Faiqoğlu