“Əli və Nino” kitab mağazaları şəbəkəsinin rəhbəri Nigar Köçərli kitab satışı və idxalı zamanı üzləşdiyi problemlər barədə Facebook hesabında şikayətlənib.
“Qanun ancaq kağızda var. Məlum olduğu kimi, 2022-ci ilin yanvarından Azərbaycanda kitab satışı və idxalına olan ƏDV-ni ləğv ediblər. Təəssüflər olsun ki, Qanun icra olunmur".
“Əli və Nino”nun rəhbəri qeyd edib ki, Vergilər Nazirliyi, Nazirlər Kabineti və Gömrük Komitəsinə dəfələrlə müraciət etmələrinə baxmayaraq, onları ƏDV ödəməyə məcbur edirlər.
"Nazirlər Kabineti və Gömrük Komitəsi bizim müraciətlərimizə ümumiyyətlə cavab vermir. Vergilər Nazirliyi standart cavab verir ki, Nazirlər Kabinetinin təsdiq etməli olduğu hansısa siyahını gözləyirlər. Məsələ bundadır ki, Qanunda “icra orqanı tərəfindən təsdiqlənmiş kitab siyahısı” haqda kiçik bir qeyd var”.
N. Köçərli sözügedən kitab siyahısı ilə bağlı da anlaşılmazlığın olduğunu bildirib: “Bu “kitab siyahısı” ayrı bir lətifədir. Məsələn, Çexova ƏDV hesablanacaq, Folknerə yox? Hər gün dünyada yüz minlərlə yeni kitab çap olunur. Nazirlər Kabineti onları necə “təsdiq edəcək” ki, əgər bizim məktublara cavab verməyə vaxtı yoxdur”.
Xatırladaq ki, daha əvvəl “Qanun” nəşrlər evinin rəhbəri Şahbaz Xuduoğlu sözügedən məsələ ilə bağlı narazılığını bildirmişdi.