“Bəzən istehlakçılar özləri siqaretlərin keyfiyyəti ilə bağlı müraciət edirlər”.
Bu fikri Ednews-a Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev “Tütün və tütün məmulatı haqqında” qanuna dəyişikliyə münasibət bildirərəkən deyib.
Deputatın fikrincə, tütün məmulatlarının keyfiyyətinə nəzarət vacibdir:
“Ölkəmizdə siqaret çəkənlərin sayı kifayət qədərdir. Son dövrlərdə keyfiyyəti bir çox hallarda şübhə doğuran və lazımi standartlardan aşağı olan tütün məmulatlarının ölkəmizə daxil olduğu ilə bağlı məlumatlar var. Bu səbəbdən idxal edilən bir çox məhsulların, eyni zamanda tütün məmulatlarının keyfiyyətinə nəzarət olunmalıdır. Bu qərar sahibkarların fəaliyyətini heç bir formada məhdudlaşdırmayacaq. Yoxlamalar sahibkarlara əvvəlcədən məlumat verilərək ediləcək”.
Millət vəkili prosesə nəzarət edəcək qurumların da adını çəkib:
“Bununla bağlı AQTA-nın müəyyən qurumları var. Tütün məmulatlarının standartlara uyğunluğu qurumun ekspertizasına əsasən müəyyələşəcək. Həmçinin İqtisadiyyat Nazirliyinin də müəyyən şöbələri var. Onlar da prosesə nəzarət edəcəklər”.
Məsələ ilə bağlı Azərbaycan Qida Təhlükəsizlik Agentliyinə müraciət etdik. Sorğumuza cavab gözləyirik.
Qeyd edək ki, Mayın 13-də parlamentdə keçirilən iclasda müzakirəyə çıxarılan “Tütün və tütün məmulatı haqqında” qanuna dəyişiklik I oxunuşda qəbul edilib. Qanuna əsasən Azərbaycanda tütün məmulatının keyfiyyətinə və dövriyyəsinə dövlət nəzarəti həyata keçiriləcək.
Xanlar Əlibəy