Ali məktəblərin sonuncu kurs tələbələri dövlət imtahanın ləğv edilməsini barədə sosial şəbəkələrdə çağırışlar ediblər.
Artıq ÜOMG (ümumi orta müvəffəqiyyət göstəricisi) bəzi tələbələrin tələbinə çevrilib. Buna səbəb dərslərin 3 semestr distant, bir semestr isə hibrid formada keçirilməsidir. Tələbələr bununla bağlı oxuduqları universitetlərə və Təhsil Nazirliyinə müraciət etdiklərini bildirirlər. Son iki gün ərzində “tələbələrə şad xəbər” başlığı altında dövlət imtahanının ləğv olunması, attestasiyanın ÜOMG-yə əsasən hesablaması barədə məlumatlar tirajlanıb. Bu isə tələbələrdə dövlət imtahanın ləğvi barədə ümid yaradıb.
Məsələnin doğruluğunu öyrənmək üçün Təhsil Nazirliyi ilə əlaqə saxladıq. Qurumun İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov Ednews-a bildirib ki, ali təhsil proqramları təhsilalanların dövlət attestasiyası ilə yekunlaşır. Dövlət attestasiyası bütün təhsilalanlar üçün məcburidir.
“Yayılan bu məlumatlar yalandır. Dövlət attestasiyası məcburidir. Əgər tələbə universiteti bitiribsə, o, birmənalı şəkildə diplom işi və ya dövlət imtahanı verməlidir. Bu qərar indi verilməyib hər zaman olub, bundan sonra da belə olacaq. Tələbə universiteti 4 il ərzində bitirirsə, sonda biliyini təsdiq etməlidir”.
Ləman Abbaslı