Bakı Dövlət Universiteti ilə Xəzər televizisiyası arasında əməkdaşlıq müqaviləsi imzalanıb.
Ednews xəbər verir ki, müqaviləni Xəzər Tv-nin baş direktoru Murad Dadaşov və Bakı Dövlət Universitetinin rektoru Elçin Babayev imzalayıb.
Əməkdaşlıq müqaviləsinin əsas məqsədi təkcə jurnalistika üzrə ali təhsil alanlar deyil, həm də müxtəlif ixtisaslar üzrə təhsil alan tələbələri geniş imkanlarla təmin etməkdir.
" Bizim bugün imzalayacağımız sənədin arxasında real işlərin görülməsi və uğurlu nəticələrin əldə olunması durur " - deyə Elçin Babayev çıxışı zamanı vurğulayıb.
" Ümid edirəm ki, bu addım nəticəsində cavan kadrlar daha geniş imkanlar əldə edəcəklər"- deyə Murad Dadaşov çıxışında deyib.
O, həmçinin jurnalistika peşəsində təcrübəyə daha çox ehtiyac olduğunu deyib.
Mərasimdə Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinin dekanı Vüqar Zifəroğlu,müəllim heyyəti, əməkdar jurnalistlər və Xəzər Media-nın əməkdaşları da iştirak edib.
Qeyd edək ki, müqavilədə tələbələrin Xəzər Tv-də təcrübələrə cəlb edilməsi, qarşı tərəfin universitetdəki prosseslərdə iştirak etməsi, ustad dərslərin təşkili eləcə də müəyyən tədbirlərin təşkili kimi məsələlər də öz əksini tapıb.
Nəzrin Beydiyeva