Qubada tatarların milli bayramı Sabantuy təntənəli şəkildə qeyd olunur.
Ednews xəbər verir ki, 15 ildir ki, Azərbaycanda təntənə ilə qeyd olunan tatarların "SABANTUY" bayramı bu il də iyunun 19-da Qubanın Qəçrəş kəndində təşkil olunub.
Tədbirdə Quba Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Tariyel İbrahimov, Rusiya Federasiyasının Azərbaycandakı Fövqəladə və Səlahiyyətli səfiri M.N.Baçarnikov, Bakıdakı "Rus Evi"nin rəhbəri İrok Zinnurov,
“Yaşlek” Azərbaycan Tatar Gəncləri Mərkəzinin rəhbəri Diyaz Ahmadjanov və Tatarıstanın Azərbaycandakı nümayəndəsinin müavini İsmayıl Mansuroviç iştirak edib.
Bayram tədbiri tatarların keçmişini özündə əks etdirən milli musiqi və rəqsləri, Tatar milli mətbəxinin dadlı təamları, əyləncəli müsabiqələr təqdim edilib. Həmçinin, Tatar estradasının tanınmış nümayəndələri populyar Tatar mahnıları, özfəaliyyət kollektivləri isə milli folklor nümunələri ilə çıxış ediblər. Pəhləvanlar tatarların milli güləş növü olan "Kureş"də gücünü sınayıblar.
Bayramda Azərbaycan mətbəxindən təamlar da iştirakçılara təqdim edilib.
"Ümumdünya Tatarların İctimai Birliyi"nin sədri Təcibə Babayeva məlumat verərək bildirib ki, "SABANTUY- tatarların məhsul bayramı kimi qeyd olunur. Bu bayramın tarixi ilk dəfə tarixdə bizim eranın 921-ci ilində Tatarıstana Bağdaddan gəlmiş İbn-Fadlan adlı adlı din xadiminin təşəbbüsü və təşkilatçılığı ilə keçirildiyi barədə məlumat var. Yazda torpağa toxum səpinindən əvvəl bol məhsul götürmək üçün dualar edilir, yayda məhsul yığımında bu bayram keçirilir. Məhsul yığımında məhsuldarlıq aşağı olarsa, deməli, insanların hardasa, günahları çox olub. Bu xoşagəlməz halı aradan qaldırmaq üçün növbəti il üçün qoyulan qaydalara ciddi riayət olunmasına başlayırlar."
Ümumdünya Tatarlar Konqresi, Tatarıstan Respublikası Mədəniyyət Nazirliyi, Quba Rayon İcra Hakimiyyəti və Bakıdakı "Rus Evi"nin dəstəyi ilə keçirilən bayram tədbirinin təşkilatçısı “Yaşlek” Azərbaycan Tatar Gəncləri Mərkəzidir.
Aydın Adıgözəlov, Quba.