Azərbaycan Milli Elmlər Akademiyası Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu, Koreya Respublikasının Azərbaycandakı səfirliyi və Koreya Donqduk Qadınlar Universitetinin Avrasiya Türk Araşdırmaları İnstitutunun birgə təşkilatçılığı ilə Koreya-Azərbaycan III Humanitar Forumunun “Dördüncü Sənaye İnqilabı: Koreya və Azərbaycanda yeni humanitar çağırışlar” beynəlxalq simpoziumu keçirilib.
Bu barədə Ednews-a Ədəbiyyat İnstitutundan bildirilib. Forum Ədəbiyyat İnstitutunun elmi katibi Aygün Bağırlı və Avrasiya Türk Araşdırmalar İnstitutunun əməkdaşı Sunah Choinin moderatorluğu ilə reallaşıb.
BAMF prezidenti Umud Mirzəyev çıxışı zamanı Koreya-Azərbaycan III Humanitar Forumunda iştirak etməkdən məmnunluğunu ifadə edib. Onun sözlərinə görə, bu yaxınlarda 30 illik yubileyini qeyd edəcək Beynəlxalq Avrasiya Mətbuat Fondunun əsas fəaliyyət istiqamətlərindən biri də sülh quruculuğudur. BMT-nin ən yüksək statusunu qazanmış BAMF eyni zamanda barış və sülhə öz töhfəsini vermiş mədəniyyət, incəsənət və ədəbiyyat xadimlərini ətrafında birləşdirən bir platformadır.
O qeyd edib ki, iki il bundan öncə Avrasiya Türk Araşdırmaları İnstitutunun rəhbəri professor Eunkyung Onun Azərbaycanın Qarabağ həqiqətlərini çatdırması, eləcə də onun Orta Asiyada və Türk dünyasındakı fəaliyyəti Fondun diqqətini cəlb edib. Bu səbəblə 20 avqust 2020-ci il tarixdə koreyalı alim prof. Eunkyung On Beynəlxalq Avrasiya Mətbuat Fondunun (BAMF) Mədəniyyət elçisi elan edilib. O, bu mükafata dünyanın mədəni, ədəbi irsinin öyrənilməsində, insanlar arasında sülhün və harmoniyanın təbliğində verdiyi töhfələrə görə layiq görülüb.
Forumda Avrasiya Türk Araşdırmaları İnstitutunun rəhbəri professor Eunkyung On deyib: “Azərbaycan Koreyanın mühüm iqtisadi əməkdaşı strategiyasının mərkəzində duran tərəfdaş ölkədir. Azərbaycan Koreya ilə dil, mədəniyyət və tarix baxımından sıx əlaqələri olan türk dövlətlərindən biridir. Mən türk dövlətləri içərisində ən son Azərbaycana gəlmişəm. Koreyada bizim institutumuzda Azərbaycan haqqında və Nizami Gəncəviyə həsr olunmuş jurnalın xüsusi buraxılışı çıxıb. Koreya yarımadası ilə Qafqazı birləşdirən mübadilə və tərəfdaşlığa töhfə verən Humanitar Elmlər Bölməsində keçirilən keçənilki forumdan başa düşdüm ki, bu, davamlı olmalıdır. Tədbirin keçirilməsində əməyi keçən Bədirxan Əhmədliyə və Ədəbiyyat İnstitutunun digər əməkdaşlarına, səfirimizə və dəstəyini əsirgəməyən hər kəsə təşəkkürlərimi bildirirəm”.
“Diplomatik münasibətlərimizin 30 illiyi dövründə görülmüş işlərə yekun vurarkən çox böyük və əhəmiyyətli tədbirlərin həyata keçirildiyini xüsusilə qeyd etməliyik. Koreya Azərbaycana dost, qardaş və tərəfdaş ölkədir. Azərbaycan Milli Elmlər Akademiyasının Tarix İnstitutu, Şərqşünaslıq İnstitutu, Ədəbiyyat İnstitutu, Fəlsəfə və Sosiologiya İnstitutu, İqtisadiyyat İnstitutu Cənubi Koreya ilə profillərinə uyğun olaraq əlaqələr yaradıb. Ədəbiyyat İnstitutunda Koreya mərkəzi fəaliyyət göstərir. Azərbaycan-Asiya ədəbi əlaqələri şöbəsinin müdiri filologiya elmləri doktoru, professor Bədirxan Əhmədli və həmin şöbənin əməkdaşı Leyla Həsənzadə Cənubi Koreya Mərkəzinin inkişaf etdirilməsi üçün səy göstərirlər. Artıq Cənubi Koreya ədəbiyyatı da tədqiq olunur.
Bundan sonrakı yeni mərhələdə qarşılıqlı şəkildə Koreya ilə Azərbaycanın elm və ədəbiyyat sahəsindəki əlaqələrinin daha da inkişaf etməsi üçün səy göstərəcəyik. Üçüncü dəfə birgə humanitar forumun təşkili bu inkişafın real göstəricilərindən biridir”, - deyən akademik forumun işinə uğurlar arzulayıb.
Koreya Respublikasının Azərbaycandakı səfiri Li İn-Yonq çıxışında qeyd edib ki, Koreya-Azərbaycan Humanitar Forumu iki ölkə arasında diplomatik əlaqələrin qurulmasının 30 illiyinə həsr olunub və üçüncü dəfə gerçəkləşib. Humanitar elmlər sahəsində mübadilə uğurla davam edir. “Qeyd etmək istəyirəm ki, Koreya-Azərbaycan Humanitar Forumunun keçirildiyi ilk il çox mənalı il idi. İkinci dəfə təşkili onu göstərdi ki, bu forumun davamlı olaraq keçirilmə imkanı var. Avrasiya Türk Araşdırmalar İnstitutu və Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu mərkəzdə olmaqla hər iki elmi müəssisənin rəhbərliyi ilə humanitar forum sahəsində əməkdaşlığımız daha da inkişaf edəcək.
Xüsusi olaraq Koreya Qarabağın yenidənqurma layihələrində, bərpa olunan enerji sahələrində, “ağıllı” kənd, həmçinin kənd təsərrüfatı sahəsində öz kapitalını sərf edəcək, Azərbaycanın işçi qüvvəsi ilə birlikdə aktiv şəkildə iştirak edəcək. Humanitar sahədə əldə olunmuş nailiyyətlərdən birini xüsusilə vurğulamaq istəyirəm ki, Azərbaycanın dahi şairi Nizami Gəncəvinin “Leyli və Məcnun” poeması Koreya dilinə tərcümə olunub”, - deyə səfir əlavə edib.
Açılış mərasimində Koreya Ətraf Mühitin Tədqiqi və Qiymətləndirilməsi İnstitutunun direktoru Lim Sam Jin geniş məruzə ilə çıxış edib.
Humanitar Forum “Dil-ədəbiyyat” və “Tarix-mədəniyyət” olmaqla iki sessiyada keçirilib, hər bir sahə üzrə müxtəlif mövzular təqdim və müzakirə edilib.