Sosial şəbəkələrdə bulvar ərazisində dənizdə boğulan qadının görüntüləri yayılıb.
Hadisə şahidi qadının əks olunduğu görüntüləri şəxsi facebook hesabında paylaşaraq qeyd edib ki, həmin vaxt qadının vəziyyəti normal olub.
“Səhər sübh çağı bulvar ərazisində idman edirdim. Qaçış etdiyim vaxtı təxminən saat 05:30 radələrində bulvarda boğulmaq üzrə olan qadın gördüm. Dərhal ərazidəki polislərə məlumat verdim. Polislərlə birlikdə qadını qayaların üstünə çıxartdıq. Çox şükür ki, ölməmişdi. Nə qədər soruşdum ki, xanım sizə nolub bura düşmüsünüz? Gözləri baxırdı amma danışa bilmirdi. Hələ nəfəs alırdı. Çox dəhşətli hisslər idi”.
Hadisə şahidinin sözlərinə görə FHN və DİN əməkdaşları ərazi yerinə gələrək qadını xilas ediblər.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Ehsan Zahdovun Ednews-a verdiyi məlumata görə qadının kimliyi müəyyənləşdirilib və o, xəstəxanaya yerləşdirilib.
“Səhər saat 05:50 radələrində Bakı şəhər sakini 1968-ci il təvəllüdlü Qəhrəmanova Ceyran dənizkənarı parkda suya düşüb. Dərhal polis, FHN və Bulvarın mühafizəsi əməkdaşları hadisə yerinə cəlb olunub və qadını sudan çıxarıblar. Dərhal təcili tibbi yardım çağırılıb və qadın əraziyə yaxın xəstəxanaya yerləşdirilib"
Ehsan Zahidovun sözlərinə görə qadının həyatı təhlükəsi yoxdur, vəziyyəti normaldır.
O bildirib ki, hadisənin hansı səbəbdən baş verməsi hələ ki, məlum deyil, faktla bağlı araşdırma aparılır.
Ləman Abbaslı