Daxili İşlər Nazirliyi sosial şəbəkələrdə Sumqayıt şəhər sakini olan qadının küçə heyvanlarını yemlədiyi üçün barəsində protokol tərtib olunması ilə bağlı yayılan məlumatlara münasibət bildirib.
Ednews apa-ya istinadən xəbər verir ki, nazirliyin mətbuat xidmətinin əməkdaşı, polis leytenantı Nurlan Əliyev bildirib ki, Sumqayıt şəhər sakini 75 yaşlı Solmaz Hacıyeva çoxmənzilli binanın evinin qarşısında müvafiq qurumlar tərəfindən keçirilən dezinfeksiya işlərinə maneə törətdiyinə görə polis əməkdaşları onunla dəfələrlə profilaktiki söhbətlər aparıb.
“Bundan başqa Solmaz Hacıyeva qonşuların etirazına baxmayaraq, həmin ərazidə küçə heyvanlarına yem verərkən antisanitar şəraitin yaranmasına səbəb olub. Sumqayıt Şəhər Polis İdarəsinin 4-cü Polis Bölməsinə qonşular tərəfindən edilən çoxsaylı müraciətlər əsasında Solmaz Hacıyeva barəsində İnzibati Xətalar Məcəlləsinin 211.1-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulduğuna görə) protokol tərtib olunub və sakinlərin istəyinə uyğun şəkildə ərazidə antisanitar vəziyyət aradan qaldırılıb”.