Təhsil eksperti Kamran Əsədovun fikrincə, boşanan və övladı vəfat edən qadınlar bağçaya işə götürülməməlidirlər. O, bu barədə mətbuata açıqlaması zamanı deyib. Ekspertin düşünür ki, bu uşaq bağçalarında aqressiv halların qarşısını almağa yardımçı bir vasitə ola bilər.
Kamran Əsədovun səsləndirdiyi bu fikirlər cəmiyyət və ictimaiyyət arasında narazılığa səbəb olub.
Məsələ ilə bağlı “Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova Ednews-a danışarkən deyib ki, bu birbaşa ayrıseçkilikdir.
“Niyə işləməməlidir axı. O qədər boşanmış kişi var ki, onda onlar da işləməsin. Yəqin ki, boşanan və övladı vəfat edən qadınların emosional vəziyyəti ilə bağlıdır. Bu o demək deyil ki, onlar heç bir işdə işləməsin. Evli qadınların psixoloji gərginliyi boşanan qadınlardan daha çoxdur. Bunun boşanmaya heç bir təsiri yoxdur”.
Mehriban Zeynalova belə çağırışların yolverilməz olduğunu da bildirib.
“Onsuz da boşanmış qadınlara qarşı əvvəldən münasibət pis olub. İndi iş yerinə bunu yönəltmək nə deməkdir? Belə ayrıseçkilik onların vəziyyətini daha da çətinləşdirər”.
Ləman Abbaslı