Avqustun ilk günü Azərbaycan əlifbası və Azərbaycan dili günü kimi qeyd edilir. Bu əlamətdar gün ümummilli lider Heydər Əliyevin 2001-ci il 9 avqust tarixli Fərmanına əsasən təsis edilib.
Dilçi akademik Möhsün Nağısoylu Azərbaycan dilinin müasir dövrdə necə qorunması haqqında Ednews- a danışıb. Möhsün Nağısoy qloballaşma şəraitində dilimizin xeyli zənginləşdiyini, beynəlmiləl sözlərin daxil olduğunu da bildirib.
“Hazırda dilimizdə alınma sözlərlə birgə öz daxili hesabımıza yaranan sözlər də var. Alınma sözlərinin bəzilərinin qarşılığı öz dilimizin ehtiyyatları sayəsində yaranıb. Bəzi sözlər qardaş Türkiyənin ana dilindən də alınıb”.
Alim son zamanlar ən böyük problemlərdən birinə çevrilən dil normativlərinin pozulması haqqında da danışıb. O, bu halların baş vermə səbəbinin qeyri – peşəkar insanların səhvlərinə görə baş verdiyini deyib.
“Ədəbi dil normaları ən çox reklamlarda, elanlarda və saytlarda pozulur. Bunun da səbəbi dilimizi yaxşı bələd olmamaqdan, qeyri peşəkarlıqdan gəlir. İndi işi peşəkar şəkildə görmürlər. Mən mütəmadi olaraq reklamlarda aşpaz sözünü səhv yazıldığını müşahidə edirəm. Çox vaxt bu ixtisasın adı elanlarda “aşbaz” kimi qeyd olunur. Bununla da görünür ki, onlar aşpaz sözündən xəbərsizdirlər. Bununla da orfoqrafik, leksik, qrammatik normalar pozulur. Bütün bunlar isə dilə olan hörmətsizlikdən, bələdsizlikdən irəli gəlir”.
Sonda Möhsün Nağısoy bildirib ki, hər bir vətandaş bilməlidir ki, onun doğma dili ən zəngin dillərdən biridir.
“Dil hər bir xalqın varlığı, kimliyidir. Biz dilimizi qorumalı, onun dəyərini dərk etməliyik”.
Aliyə İlyas