Bakı şəhər 3 nömrəli tam orta məktəbin direktoru Almaz Həsrət məktəbin sinif otaqlarını icarəyə verməkdə ittiham olunur. Bu iddia ilə həmin məktəbin Tərbiyə işləri üzrə direktor müavini Solmaz Əhmədova çıxış edib. O, iddia edib ki, direktor məktəbdə boş sinifləri abituriyent hazırlığı üçün müəllimlərə icarəyə verir.
Onun sözlərinə görə, Almaz Həsrət iki ildir işlədiyi müddətdə məktəbdə bu işlərlə qeyri-qanuni yolla pul qazanır.
“Kimya, Fizika, laboratoriya və əlavə bütün otaqlar hamısı icarəyə verilib. Təhsil ocağının direktoru şadirdləri dərs zamanı dərsdən ayırıb, məktəbdə özünə məxsus otaqda əlavə dərs keçir. Siz məktəbdə olan özbaşınalığa baxın”.
Solmaz Əhmədova Ednews-a açıqlaması zamanı bildirib ki, əlində faktlar var və onları lentə alaraq ictimaiyyətə təqdim edə bilər.
“O, bu məktəbə qərəzli gəlib, məqsədi məni çıxarmaqdır. Mənim haqqımda da nə deyirsə yalandır. Almaz xanım, mənim işimi əlimdən alır, imkan vermir işimi görüm. İstədiyiniz zaman məktəbə gəlsəz, görərsiz ki, sinif otaqlarında hazırlıq kursları keçirilir. O adam mənə qərəzli davranır. Faktla danışıram, gördüklərimi yazıram”.
Məsələ ilə bağlı məktəb direktoru Almaz Həsrətlə də əlaqə saxladıq. Onun sözlərinə görə isə məsələ Bakı Baş Təhsil idarəsi tərəfindən araşdırılıb və nəticəsində..
“Vallah çox gülünc bir iddiadır. Bütün bunların hər biri qanuni yolla həll olunub. İş Ali məhkəməyə qədər gedib çıxıb. Orada araşdırma aparıldı, yoxlama oldu . Bakı Baş Təhsil idarəsindən də araşdırma aparıldı. Məlum oldu ki, bu xanımın yazdığı şər, böhtan və yalandır. Solmaz xanım kobud, dili söyüş, qarğış olan həmkarımızdır. Təssüflər olsun ki, o, yerində olmayan kadrdır. İpə sapa yatan insan deyil, Biz də qanundan kənar heç bir iş görə bilmərik, verilən məlumatlar da əsassızdır”.
Bəs, direktor müavini niyə işlədiyi məktəbin direktoruna qarşı belə qərəzli yazılar yazsın? Buna səbəb nədir? Səbəbini elə direktorun özü ilə aydınlaşdırdıq.
“Mən bu məktəbdə 2 ildir direktor vəzifəsində çalışıram. Mən gələnə qədər həmin müəllimənin adına yalandan dərs saatları yazılırdı. Guya ki, bu şəxs sinif rəhbəridir və əlavə olaraq da digər dərslər keçir. Halbuki əlavə məvacib qazanmaq xətrinə belə edirdi. Mən direktor təyin edildikdən sonra Solmaz müəllimə əlavə qeyri qanuni məvacib ala bilmədi və ona görə də belə böhtan xarakterli fikirlər səsləndirir”.
Burada maraqlı məqamdan biri də odur ki, işçinin işə qəbul olunması və ya işdən azad olunması birbaşa məktəb direktorunun səlahiyyətindədir. Bəs, Solmaz Əhmədova işdən niyə azad olunmur?
“Mən kobudluq etmək istəmirəm. Dedim ki, bəlkə anlaşarıq, müəlliməni sülhə dəvət etdim. Görürəm yox, bu xanım yalan, böhtan yazmağa davam edir. Ehtiyyatla davranıb böyüklük edirəm ki, bəlkə aramızdakı anlaşılmazlıq həll olunar. Yoxsa mənim iki cümləmlə onun işinə xitam vermək olar. Əgər yenə belə hadisə yaşanarsa, onun işinə xitam verməyə məcbur olacam. Belə şəxslərin yerində cavabı verilməsə digər yerlərdə də ayaq alacaqlar”.
Məsələni diqqətdə saxlayacağıq.
Ləman Abbaslı